Orduda gənc əsgərlər xidmət yerlərinə yola salındılar - FOTO
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibətilə təbrik edib. Bildirib ki, gənc əsgərlərin ixtisas hazırlığı dövründə dərslər tədris proqramına uyğun olaraq keçirilib. Tədris prosesində əsas diqqət praktiki məşğələlərə yönəldilib və bu məqsədlə bütün silah növlərindən praktiki atışlar, zirehli və avtomobil texnikalarından isə praktiki sürücülük çalışmaları yerinə yetirilib.
Ölkəmizdə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, ordu quruculuğunun da mühüm amillərdən biri hesab olunduğunu vurğulayan valideyn Taməddin Hüseynov əsgərlərə hərbi xidmətlərində uğurlar arzulayıb.
Əsgərlər adından çıxış edən Elçin Əhmədov Azərbaycan Ordusunda xidmət etdiyinə görə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkminləşdirəcəklərinə söz verib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Fazil Ağalarov bildirib ki, bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir silah və sursat, texnika ilə təminatına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandanın diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fədakar əməyi sayəsində bu gün Naxçıvanının müdafiəsi yüksək səviyyədə təmin olunur.
Fazil Ağalarov deyib: “Əminliklə deyə bilərik ki, gənc əsgər ixtisas hazırlığı kursunu uğurla başa vuran əsgərlərimiz qazandıqları nəzəri bilikləri və praktiki vərdişləri daha da təkminləşdirəcək, Vətənimizin ərazi bütövlüyü uğrunda ən çətin döyüş tapşırıqlarını şərəflə yerinə yetirəcəklər”.
Təbrik oxunduqdan sonra müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqları peşəkar döyüşçü kimi nümayiş etdiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Təntənəli keçiddən sonra “Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa edilib.
Mərasim başa çatdıqdan sonra əsgər valideynləri və yaxınları hərbi hissədə yaradılmış şəraitlə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.