XİN ilin yekunlarına dair hesabatı açıqladı
Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hazırladığı hesabatı açıqlayıb.
Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, hesabatda deyilir:
“Ötən 2019-cu il ərzində beynəlxalq münasibətlər müstəvisində artan siyasi və iqtisadi gərginlik şəraitində Azərbaycan Respublikası milli maraqlarına arxalanan müstəqil xarici siyasət kursunu uğurla davam etdirmişdir. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər fonunda daxili sabitlik və ardıcıl inkişaf tempini təmin etmək, dövlət idarəçiliyi sahəsində əsaslı islahatlar yeritmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və fəal iştirakçısı olduğu irimiqyaslı layihələri səmərəli şəkildə həyata keçirməklə ölkəmiz beynəlxalq səviyyədəki yüksək nüfuzunun daha da artmasına müvəffəq olmuşdur.
2019-cu il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlamətdar olmuşdur. Yüz il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək məqsədilə təsis edilmiş Xarici İşlər Nazirliyi ona həvalə edilmiş mirasın qorunması və inkişaf etdirilməsi yolunda ötən bir əsirlik dövrdə səylərini əsirgəməmişdir. Diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz təbrik müraciətində vurğulamışdır: “Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.
Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar sosial-iqtisadi sabitlik və inkişafı təmin etməklə yanaşı ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin artmasına münbit zəmin yaratmışdır. Dövlətimizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan xarici siyasət fəaliyyəti çoxşaxəlilik, çeviklik, şəffaflıq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yürüdülərək, Azərbaycanın etibarlı və davamlı tərəfdaş kimi beynəlxalq mövqeyinin güclənməsinə xidmət etmişdir.
Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşmişdir.
Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artmışdır.
Sıralarında 120 üzv ölkəni birləşdirən və BMT-dən sonra ən böyük siyasi platforma təşkil edən Qoşulmama Hərəkatının bu il oktyabrın 25-26-da Bakıda keçirilmiş Zirvə görüşünün yekun sənədində dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulamış və heç bir üzv dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaqlarını təsdiq etmişlər. Zirvə görüşündə Qoşulmama Hərəkatına sədrlik 2019-cu ildən etibarən 3 il müddətinə Azərbaycan Respublikasına keçmişdir.
Mayın 23-24-də keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş Yekun Kommunikedə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazilərinin işğalı qətiyyətlə pislənilmiş və işğalın davam etdirilməsinə dolayı yolla belə yardım edəcək hər hansı bir fəaliyyətin qarşısının alınması üçün üzv dövlətlərə çağırış əks olunmuşdur. İƏT-in Xarici İşlər Nazirləri Şurasının 1-2 mart tarixlərində keçirilmiş 46-cı sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması”, “Xocalı qırğınının qurbanları ilə həmrəylik”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” adlı qətnamələr qəbul edilmişdir.
Mayın 17-də keçirilmiş Avropa Şurasının (AŞ) Xarici İşlər Nazirləri Şurasının 129-cu sessiyasının sənədlərində üzv dövlətlərin hüquq və öhdəlikləri barədə çıxarılan qərarda üzv dövlətlərin ərazi bütövlüyünə hörməti təsdiq edən müddəa öz əksini tapmışdır.
Oktyabrın 15-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə görüşünün Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə dair qətiyyətli dəstək öz əksini tapmışdır.
İyunun 14-15-də keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 5-ci Sammitinin Yekun Bəyannaməsində separatizmin pislənilməsi, regional münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar əsasında həlli məsələləri öz əksini tapmışdır.
Dekabrın 12-də keçirilmiş GUAM üzv-dövlətlərinin Hökumət başçılarının Zirvə görüşünün yekun Bəyannaməsində GUAM ərazisində olan münaqişələrin tez bir zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktında öz əksini tapmış beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin suverenlik və ərazi bütövlüyünə hörmət və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulanmışdır.
2019-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan müzakirələr çərçivəsində 21 fevral, 30 may və 17 oktyabr tarixlərində Bakıda ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir.
Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Ermənistanın Baş Naziri ilə görüşü baş tutmuşdur. Martın 29-da isə Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş Naziri arasında görüş keçirilmişdir.
Keçən il Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin iştirakı ilə yanvarın 16-da Parisdə, aprelin 15-də Moskvada, iyunun 20-də Vaşinqtonda, sentyabrın 23-də Nyu-Yorkda və dekabrın 4-də Bratislavada olmaqla, ümumilikdə beş görüş keçirilmişdir.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşlər keçirmişlər.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından əziyyət çəkən insanların, xüsusilə də məcburi köçkünlər, itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət cari ildə də davam etdirilmiş, müxtəlif qətnamə və tövsiyələrə məcburi köçkünlərin geri qayıtmaq hüququ, girovların dərhal azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair müddəaların salınmasına nail olunmuşdur.
Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərinə daxil olan xarici iqtisadi-ticarət əlaqələrinin inkişafı, ixrac potensialının artırılması, yeni sərmayə imkanlarının araşdırılması, Azərbaycan və xarici ölkələrin dövlət və işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və işçi qrupların iclaslarının keçirilməsi, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi əsas fəaliyyət istiqamətlərini təşkil etmişdir.
Ötən il ərzində Qətər, BƏƏ, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, ABŞ, Əfqanıstan, Yaponiya, Böyük Britaniya, İsveçrə, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Fransa, Rusiya, Türkmənistan, Çin Xalq Respublikası (ÇXR) və ÇXR-in Sincan-Uyğur muxtar regionu ilə Hökumətlərarası Komissiyaların iclasları keçirilmişdir.
Noyabrın 30-da ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verəcək və region ölkələrini sıx əməkdaşlıq telləri ilə biri-birinə bağlayacaq Avrasiyanın ən nəhəng infrastruktur layihələrindən biri olan Cənubi Qaz Dəhlizinin (CQD) bir hissəsini təşkil edən və Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdıracaq TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olmuşdur.
Dekabrın 5-6-da Bakıda TRACECA Hökumətlərarası Komissiyasının 14-cü iclası və təşkilatın fəaliyyətinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. İclasın yekunları üzrə TRACECA-nın yeni baş katibi seçilmiş və təşkilatda sədrlik Azərbaycana təhvil verilmişdir.
İl ərzində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli Saziş layihəsi üzərində intensiv danışıqlar davam etdirilmişdir. 19 fevral tarixində Bakıda Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun görüşü keçirilmişdir ki, Aİ-nin dünyada cəmi 7 ölkə ilə bu sahədə yüksək səviyyəli dialoqu mövcuddur. Dekabrın 19-da keçirilmiş Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu görüşündə tərəflər qarşılıqlı maraq doğuran vacib siyasi və təhlükəsizlik məsələləri, o cümlədən münaqişələrin həlli və böhranların idarə olunması, regional və beynəlxalq təhlükəsizliyə olan təhdid və çağırışlar ətrafında fikir mübadiləsi aparmış və praktiki əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Aİ tərəfi Aİ rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə ifadə etdiyi dəstəyi bir daha təsdiq etmişdir.
İnsan hüquqları, demokratiya, qanunun aliliyi və eləcə də yaxşı idarəçilik prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq 2019-cu il ərzində də uğurla davam etdirilmişdir. İl ərzində ölkəmiz AŞ, ATƏT və BMT-nin əlaqədar təsisatlarının işində yaxından iştirak etmiş və həyata keçirilən fəaliyyətlərə öz töhfəsini vermişdir. Azərbaycan AŞ-ın Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsinə dair Lanzarote Konvensiyasını ratifikasiya etmiş və Ekstradisiya ilə bağlı Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolunu imzalamışdır.
Regionda davamlı sülhün və təhlükəsizliyin, habelə dayanıqlı inkişaf və rifahın təmin olunması istiqamətində təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ötən il ərzində müxtəlif regional tərəfdaşlıq çərçivələrində keçirilmiş məhsuldar görüşlərdə fəal iştirak etmiş və qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmişdir.
Dekabrın 23-də Tbilisidə keçirilmiş Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirləri görüşünün Yekun sənədində Azərbaycan və Gürcüstan ərazilərində mövcud olan münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən BMT, ATƏT və AŞ-ın müvafiq qətnamə və qərarları əsasında dayanıqlı sülh yolu ilə həllinin vacibliyi, həmçinin qaçqın və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətlə geri qayıtmasının zəruriliyi vurğulanmışdır. Görüşdə üçtərəfli əməkdaşlıq üzrə fəaliyyət planı qəbul edilmişdir.
Noyabrın 27-29-da Moskvada keçirilmiş Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclasında “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2020-ci il üzrə iş Planı” razılaşdırılaraq təsdiq edilmişdir.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalandıqdan sonra Xəzər dənizində ilk layihə olan, ölkəmiz üçün iqtisadi baxımdan önəm daşıyan, Xəzəryanı ölkələrin rəqəmsal infrastrukturunun güclənməsinə və onlar arasında rabitə sahəsində əlaqələrin genişlənməsinə təsir edəcək “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Saziş” müvafiq olaraq 19 mart və 28 noyabr tarixlərində imzalanmışdır.
Əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizdə mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verilmişdir. 30 iyun-10 iyul tarixlərində Azərbaycanın sədrliyi ilə Bakıda keçirilmiş YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında ölkəmizin “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, YUNESKO tərəfindən Bakı şəhəri “Yaradıcı Şəhərlər” şəbəkəsinə daxil edilmişdir.
İl ərzində ölkəmizin beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması istiqamətində fəal iş aparılmışdır. Azərbaycan EUTELSAT-ın Məşvərət Komitəsinə, Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvlüklə bağlı Müraciətlərə Baxılması Komitəsinə, 2019-23-cü illər üzrə YUNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə, YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinə, YUNESKO-nun Kommunikasiyanın İnkişafı Proqramı üzrə Hökümətlərarası Şurasına üzv seçilmişdir.
Azərbaycanın BMT Baş Assambleyasının 74-cü sessiyasında 135 üzv ölkəni birləşdirən və əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlığa töhfə vermək, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası məqsədilə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməkdən ibarət “Qrup-77”-yə üzv seçilməsi ötən ilin mühüm nailiyyətlərindən birini təşkil etmişdir.
2019-cu ildə 7-ci Qlobal Bakı Forumu, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Dünya dini liderlərinin 2-ci Sammiti, “Formula 1” Azərbaycan Qran-pri yarışları, UEFA Avropa Liqasının final oyunu, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı, BMT-nin Dövlət Xidmətləri Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz-2019 sərgisi, Bakutel – 2019 və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və yüksək etimadının, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisini təşkil etmişdir.
Keçən il ərzində ikitərəfli və çoxtərəfli əsasda bir çox qarşılıqlı rəsmi və işgüzar səfərlər baş tutmuşdur. İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Avstriya, Çin, Belçika, Rusiya, Türkmənistan və Türkiyəyə rəsmi və işgüzar səfərlər həyata keçirmişdir. Eyni zamanda, Albaniya, Bosniya və Herseqovina, Zimbabve, Gürcüstan, Əfqanıstan, Monteneqro, Moldova, İsveçrə, Ruanda, Polşa, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Əlcəzair, Kuba, Cibuti, Qana, İran, Namibiya, Pakistan, Venesuela, Türkmənistan, Esvatini, Ekvatorial Qvineya, Liviya və Sudanın dövlət başçıları ölkəmizə rəsmi və işgüzar səfərlər etmişlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Fransa və Rusiyaya rəsmi və işgüzar səfərləri baş tutmuş, eyni zamanda Hindistan və Vyetnamın vitse-prezidentləri Azərbaycanda rəsmi səfərdə olmuşlar.
Azərbaycan Respublikasının Baş naziri Türkmənistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Rusiya, Qazaxıstan və Böyük Britaniyada işgüzar səfərdə olmuşdur. Öz növbəsində, Monteneqro, Qazaxıstan, Gürcüstan, Macarıstan, Liviya, Malayziya hökumət başçıları, həmçinin Xorvatiya, Bolqarıstan və Belarus Respublikası Baş Nazirlərinin müavinləri ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçirmişlər.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Türkiyə, ABŞ, Rusiya, Bolqarıstan, Belçika, Almaniya, Fransa, İran, Qətər, Çili, Argentina, Uruqvay, Paraqvay, Polşa, Peru, İtaliya, İsveç, Macarıstan, Türkmənistan və Latviyaya rəsmi və işgüzar səfərlər etmişdir. Eyni zamanda, Türkiyə, Rusiya, İsveçrə, İran, İraq, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Slovakiya, Qırğızıstan, Qazaxıstan, Macarıstan, Maldiv, Misir, Serbiya, Qana, Monteneqro, Xorvatiya, Uruqvay, Venesuela, Kuba, Fələstin, Küveyt, Sinqapur, Zambiya, Niger və Şri Lankanın xarici işlər nazirləri, həmçinin İsveçrə, Gürcüstan, Yaponiya, Keniya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı və Efiopiyanın xarici işlər nazirlərinin müavinləri Azərbaycana rəsmi və işgüzar səfərlər həyata keçirmişlər.
İl ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti, Ümumdünya Gömrük Təşkilatının Baş katibi, YUNESKO-nun Baş direktoru, Avropa İttifaqı Şurasının Prezidenti, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru, BMT-nin Baş Assambleyasının prezidenti, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Şurasının insan hüquqları üzrə komissarı, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi, Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə Komissarı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi, OPEC-in Baş katibi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti, İSESCO-nun Baş direktoru, UNESCO-nun Baş direktoru, Parlamentlərarası İttifaqın prezidenti, həmçinin ATƏT Parlament Assambleyasının prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Azərbaycana rəsmi və işgüzar səfərlər etmişlər.
Ötən ildə Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanmış, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilmiş və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlamışdır.
Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilmişdir.
Keçən ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Burkina Faso, Çad, Mali, Niger, Toqo, Qəmər adaları və Qvineya Bissau ölkələrində 20 mindən çox insanın göz müayinəsi, 8 minə yaxın katarakt əməliyyatı, 26 nəfər yerli oftalmoloq üçün peşəkarlıq artırma təlimləri keçirilmişdir. Bununla yanaşı, ölkəmiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müraciətinə əsasən Burundi qaçqınlarına və BMT Baş katibinin məktubuna cavab olaraq Yəməndə böhrandan əziyyət çəkən əhaliyə humanitar yardım göstərmiş, həmçinin İranda baş vermiş təbii fəlakətdən əziyyət çəkən əhaliyə və Albaniyada baş vermiş zəlzələlərlə əlaqədar humanitar yardım ayırmışdır.
Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universitetindən 2019–cu ildə 338 bakalavr və 96 magistr tələbəsi məzun olmuş, 12 yeni tələbə mübadilə müqaviləsi imzalanaraq, 179 tələbə mübadilə proqramı çərçivəsində xarici universitetlərə göndərilmiş və 50 xarici tələbə Erasmus proqramı vasitəsilə ADA Universitetində təhsil almışdır.
Növbəti ildə müxtəlif formatlı beynəlxalq platformalarda çoxşaxəli əməkdaşlıq əlaqələrin genişləndirilməsi ilə dövlətimizin rifah və qüdrətinin möhkəmlənməsinə yönələn və milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət kursu davam etdiriləcəkdir. Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq başlıca vəzifə kimi qalacaqdır. Xarici siyasət hədəflərinə nail olunmaqda Prezident cənab İlham Əliyevin vurğuladığı “milli maraqlara və ədalətə əsaslanan müstəqil xarici siyasət” fikri rəhbər tutulacaqdır”.