Elza İbrahimovanın anadan olmasından 82 il ötür
Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Rakus.az xəbər verir ki, bu gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş, görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 82-ci ildönümü tamam olur.
1938-ci ildə Hacıqabulda dünyaya göz açmış Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.
“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.
Elza İbrahimovanın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.
Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.
Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.
Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.
Onun mahnıları ən ülvi hisslərin – vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.
Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.
Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə mahnılar bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi bəstələdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.
Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Bundan başqa, sənətkar Dağıstanın Xalq artisti adına, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən həmin il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilən tanınmış bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimova bu cür xoşbəxt sənətkarlardandır.
2012-ci il fevralın 11-də 74 yaşında vəfat etmiş Elza İbrahimova İkinci Fəxri xiyabanda dəfn olunub.
Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək. (Azərtac)