Ermənistanın Su-30SM və “Tor-M2KM” barədə bəyanatı əsassızdır – POLKOVNİK
Son zamanlar mediada Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordusunun silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemləri susdurma qabiliyyətinə malik olması barədə məlumatlar yayılıb.
Uzun müddət Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı HHQ-nin qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, hazırda ehtiyatda olan polkovnik Oqtay Bədəlova müraciət edən informasiya agentliyi Ermənistanın əldə etdiyi silahların ölkəmiz üçün hansı təhlükələri yarada biləcəyini və Azərbaycanın bu təhdidləri zərərsizləşdirmək üçün hansı imkanlara malik olmasını şərh etməyi xahiş edib.
O.Bədəlovun sözlərinə görə, Su-30SM yüksək manevretmə imkanına malikdir, fazalaşdırılmış anten qəfəsli radiolokator, idarəetmə vektorlu mühərrik və ön üfüqi quyruğu ilə təchiz edilib. Təyyarənin əsas xüsusiyyətləri isə sürətin 2121 km/saat, praktiki uçuş tavanının 17 km, döyüş radiusunun 1500 km, döyüş yükünün 8 ton, eləcə də “hava-hava” və “hava-yer” kimi müasir yüksək dəqiqlikli silahlarından istifadə etmək imkanına malik olmasıdır.
“İlk uçuşuna 2012-ci ildə başlayan Su-30SM, 2018-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Qeyd edək ki, bu tip təyyarələr və onların modernizə olunmuş variantları, o cümlədən texnik səbəblərdən bu günədək 15 dəfəyədək qəzaya uğrayıb.
Bu təyyarələrin döyüş tətbiqinə gəlincə isə bildirmək istərdim ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən 2018-ci ilin may ayında Xmeymim (Suriya) aerodromundan havaya qalxdıqdan sonra Su-30SM Aralıq dənizi üzərində qəzaya uğrayıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 təyyarəsinin hava döyüşündə Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsinə döyüş tapşırığını yerinə yetirməsinə imkan verməməsi barədə xarici mediada məlumat yayılıb.
Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər verilib. O da bildirilir ki, Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusunun məhdud resursu mövcuddur.
Bütün bunlar Su-30SM təyyarəsinin hələ də istismar edilməsi, döyüşdə tətbiq olunması üzrə təcrübə toplamasından xəbər verir və bu təyyarənin bütün üstünlükləri və mənfi cəhətlərini müəyyən etmək üçün kifayət qədər vaxt tələb olunacağına bir işarədir.
Erməni mənbələrinin yazdığına görə, Azərbaycanın Hava Hücumundan Müdafiəsinə (HHM) qarşı Su-30SM tərəfindən gələn əsas təhdid təyyarənin 100 km-dən 200 km qədər uzaqlıqdan tətbiq etmək imkanına malik idarəolunan “hava-yer” və radar əleyhinə raketləri (X-29, X-31 və X-58, X-59 sinif raketlər), eləcə də HHM vasitələrinə maneələrin qoyulması və qırıcının yüksək manevr bacarığıdır.
Hava hücumundan müdafiə döyüşünün aparılmasında ən mürəkkəb iş hava düşməninin erkən aşkar edilməsi, həmçinin hədəfin məhv edilməsi üçün vaxtında aviasiya və HHM aktiv vasitələrinə hədəfgöstərmənin vaxtında ötürülməsidir.
Uçuş-texniki xüsusiyyətlərinə və döyüş tətbiqi prinsiplərinə görə Su-30SM yuxarıda göstərilən idarəolunan raketləri buraxması üçün qırıcı döyüş tətbiqi hündürlüyünü tutmalıdır. Bu hündürlük 5-15 km arasındadır. Məhz bu yüksəklikdə HHM qüvvələri göstərilən qırıcını mütləq aşkar və müşayiət edəcəklər. Bundan əlavə, hərbi əməliyyat teatrının mürəkkəb dağlıq relyefə malik olması, Su-30SM qırıcısının aşağı hündürlükdə hədəfə o qədər də yaxınlaşmasına və Azərbaycan HHM sistemləri tərəfindən görünməməsinə imkan vermir”, – deyə hərbi ekspert O.Bədəlov bildirib.
Polkovnik O.Bədəlovun sözlərinə görə, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir.
“Mövcud və perspektivdə mümkün ola biləcək təhdid və risklərə əsaslanaraq hava sərhədlərinin və mühüm dövlət obyektlərinin mühafizəsini təmin etmək üçün Azərbaycan öz HHM sistemini daim müasir vasitələrlə zənginləşdirir.
Azərbaycan Hərbi Hava Qüvvələri qərargahının keçmiş zabiti kimi əminliklə qeyd edə bilərəm ki, Azərbaycanın HHM sistemi hazırda İspaniyanın “İndra” şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkar edilməsi, müşayiət olunmasına malik orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyalari ilə əlavə olaraq təchiz edilib.
Hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın hava hücumundan müdafiə qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, PUA, qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir.
Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir.
Məsələn, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən Türkiyə HHQ-nin F-16 qırıcıları Azərbaycanın HHM-ni aşa bilmədi və şərti olaraq məhv edildi. Yəqin ki, mənimlə razılaşarsınız ki, Su-30SM heç də F-16-dan üstün deyil.
Ermənistanda “Tor-M2KM” zenit-raket kompleksinin (ZRK) olmasına gəlincə isə, qeyd edim ki, normativ taktiki sənədlərə əsasən, HHM vasitələri obyekt, qoşun və gəmi növlərinə görə fərqlənir. Bu fərqlənmədən irəli gələrək HHM vasitələri kimi zenit-raket komplekslərinin də təyinat üzrə müəyyən vəzifələri var.
“Tor-M2KM” kiçik mənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 km-ə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyektlərin hava zərbələrindən müdafiəsi üçün hazırlanmışdır. ZRK düşmənin pilotsuz uçuş aparatları, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər.
Mətbuatda və ya rəsmi məlumatlarda “Tor-M2KM”-nin döyüş şəraitində tətbiqi barədə məlumatlar mövcud deyil və bu ZRK üçün vacib amildir. Bu ZRK-nı istismar edən mütəxəssislərlə söhbətlər zamanı həmin mütəxəssislər onun döyüş imkanlarını heç də yüksək qiymətləndirməyiblər.
Düzünü deyim ki, Ermənistanın “Tor-M2KM” ZRK-ya malik olmasının onlara hər hansı bir üstünlük verdiyini iddia etməsi gülüncdür. Azərbaycan HHQ-nin həm təyyarələrində, həm də helikopterlərində bu ZRK-nın məhvetmə əhatəsinə daxil olmadan onu sıradan çıxara bilən aviasiya məhvetmə vasitələri mövcuddur. Yeri gəlmişkən, qeyd edim ki, bu silah növündən olan bir qismi 2018-ci ildə Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilib.
HHM ekspertlərinin fikrincə, bu günə qədər ən perspektivli və məhsuldar kiçik mənzilli ZRK “Pantsir S1M” öz döyüş imkanlarına görə“Tor-M2KM” ZRK-ni xeyli üstələyən zenit-raket top kompleksidir.
Sonda qeyd etmək istərdim ki, Ermənistanın 4 Su-30SM döyüş təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksini alaraq silahlanmada hər hansı bir üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb.
Məndə belə bir məntiqi sual yaranır ki, axı nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və “Pantsir S1M” silahlarını almadı. Cavab çox sadədir – Ermənistan istehsalçı-ölkəyə artıq lazım olmayan silahları əldə edib.
Fikirlərimi yekunlaşdıraraq qeyd edim ki, Ermənistanın bu silahları almasına baxmayaraq Azərbaycan hərbi hava qüvvələri yenə də düşmən tərəfini ən azı 3-4 qat üstələyir.