“Hasepost” portalı Azərbaycanda zubr balasının doğulmasından yazıb
“Hasepost” internet portalında dərc edilən məqalədə ötən il noyabrın 30-da Azərbaycanın Şahdağ Milli Parkında zubr balasının doğulmasından söz açılır.
Rakus.az xəbər verir ki, yazıda ana zubrun Avropada flora və faunanın qorunub saxlanılması proqramı çərçivəsində bir neçə il öncə Berlin zooparkına gətirildiyi və 2019-cu ilin may ayınadək burada saxlanıldığı bildirilir. Qeyd olunur ki, ana zubr iki il davam edən hazırlıq işlərindən sonra 2019-cu ilin mayında digər üç zubrla birlikdə Şahdağ Milli Parkına köçürülüb. Zubrlar 300 hektarlıq ərazidə saxlanılır, lakin yaxın vaxtlarda sahəni əhatəyə alan hasar götürüləcək və onlar Milli Parkın 130 min hektarlıq ərazisinə sərbəst çıxa biləcəklər.
Diqqətə çatdırılır ki, 2020-ci ilin payızında Azərbaycana əlavə olaraq daha beş zubr göndəriləcək. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), IDEA İctimai Birliyi, Avropanın nəsli kəsilmək üzrə olan heyvan növləri proqramı/Avropa Zoopark və Akvariumları Assosiasiyası və Berlin zooparkının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram 1927-ci ildə Qafqazda nəsli kəsilmiş zubrların öz təbii yaşayış zonasına qaytarılmasına mühüm töhfə verir. (Azərtac)