Kəmər güləşi üzrə beynəlxalq turnirdə 2 medal qazandıq
İranın Qolestan vilayətinin Qombed şəhərində kəmər güləşi üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, Türkmənistan və Əfqanıstanı təmsil edən 100-ə yaxın idmançı iştirak edib. Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında İrana yollanan yığma komandamızın tərkibində 5 idmançı, 1 məşqçi və 1 hakim yer alıb.
İdmançılar yarışda 74 kq, 82 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Komandamız turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb. Yarışda +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. Komandamızın digər üzvü Cavid Mustafayev isə bürünc medala sahib çıxıb.
Xatırladaq ki, turnirdə ölkəmizi hakim qismində Rəsul Həsənov təmsil edib. İrana yollanan komandamızın tərkibində həmçinin məşqçi Ayaz Cəfərov da yer alıb.