Salyanda anım tədbiri keçirildi - FOTO
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
Rakus.az xəbər verir ki, Salyan rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi”ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad etmişlər.
Anım mərasimi sonra Dövlət Kukla teatrının inzibati binasında faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi və Mədəniyyət Mərkəzinin kollektivinin ifasında “30 yaşlı 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsinə baş çəkmiş, valideyinləri ilə görüşmüşdür.