Natalya Məmmədova “Cakarta” klubuna keçdi
Azərbaycan milli komandasının sabiq voleybolçusu Natalya Məmmədova karyerasını İndoneziyada davam etdirəcək.
Rakus.az xəbər verir ki, 36 yaşlı hücumçu “Cakarta” klubuna keçib.
Ötən ilin oktyabrında Çinin “Liaoninq” klubu ilə anlaşan N.Məmmədova həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu İndoneziya təmsilçisinin təklifini qəbul edib. Bakının “Rabitə” klubunda bir yerdə işləmiş təmsilçilərimiz artıq Asiya komandasının uğurları üçün çalışacaqlar.
Məmmədova “Cakarta”da ukraynalı hücumçu Anna Stepanyuku əvəzləyib. Azərbaycanda da oynamış sonuncu ailə problemləri səbəbindən mövsümün əvvəlində transfer olunduğu komandadan ayrılmalı olub.
Məmmədova artıq yeni komandasının düşərgəsinə qoşulub. Dünəndən Z.Rəcəbovun sərəncamında olan ulduz oyunçu sabahdan komanda ilə birgə məşqlərə başlayacaq.
Xatırladaq ki, N.Məmmədova daha öncə Rusiya, Türkiyə, İtaliya, İspaniya və Çində legioner həyatı yaşayıb. (report.az)