Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO
Azərbaycanın 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Abbas Əli oğlu Bağırov seçiciləri ilə həm yaşayış məntəqələrində, həm də seçki qərargahında görüşlərini aktiv şəkildə davam etdirir.
Rakus.az xəbər verir ki, seçki komandasının üzvləri ilə piyada gəzintiyə çıxan Abbas Bağırov yanvarın 26-da ilk olaraq Gəncə şəhəri, Aşıq Ələsgər küçəsinin sakinlərini ziyarət etdi.
Seçicilər yaşadıqları ərazi üzrə namizədliyi qeydə alınan şəxslə yaxından tanışlıqdan sonra, üzləşdikləri problemləri, istək və arzularını dilə gətirdilər. Onlar indiyədək parlamentdə təmsil olunan şəxslərdən narazılıqlarını çəkinmədən ifadə edərək, ümidsizliklərini ifadə etdilər.
Bizi 4 ayda bir dəfə ziyarət edin, yetər!
Abbas Bağırov sakinləri diqqətlə dinlədikdən sonra, növbədənkənar seçkilərin mahiyyətindən, əhəmiyyətindən danışdı. O bildirdi ki, məhz parlamentin vaxtından əvvəl buraxılmasının səbəblərindən biri də bundan əvvəl seçilmiş əksər şəxslərin seçiciləri ilə maraqlanmaması, qaldırılan problemlərin həlli istiqamətində heç bir iş görməməsi olub.
O, sakinləri ümidsizliyə qapılmamağa, seçkilərdə mütəşəkkil şəkildə iştirak etməyə, istədikləri, onların qayğıları ilə maraqlana biləcək, problemlərinin həlli üçün səylərini əsirgəməyəcək, əhali arasında ictimai hörmətə malik olan, insani davranışlara üstünlük verən, Vətən, el-oba təəssübü çəkən, halal, zəhmətkeş, ən əsası isə Azərbaycanın, o cümlədən ölkəmizin ikinci şəhəri olan Gəncənin və onun sakinlərinin gələcəyi, inkişafı naminə çalışanlara səs verməyin vacibliyini vurğuladı.
Görüşlərdə seçicilər arzu və istəklərinin bir daha səsləndirərək, iş yerlərinin açılması, sosial müavinətlər və s. məsələlərdən danışdılar,
A.Bağırov ilə tanışlıqdan məmnun qaldıqlarını, həkimlik peşəsinə sahib bir namizəd kimi ona səs verəcəklərini, namizədliyini dəstəkləyəcəklərini fərəhlə söylədilər. Yekunda onalar səmimi şəkildə xatirə şəkli çəkdirdilər və bu istəklərinin reallaşmasını xahiş etdilər: Bizi 4 ayda bir dəfə ziyarət edin, yetər!
Namizəd və seçici halallığı
A.Bağırov seçicilərinin bu istəyinin yerinə yetirilməsinin həm mənəvi, həm də vəzifə borcu olduğunu diqqətə çatdırdı və bu ziyarətin 4 aydan bir yox, tez-tez baş tutacağına canla-başla söz verdi. O, Milli Məclisə növbədənkənar seçkilərin demokratik və şəffaf keçəcəyini, seçicilərin ən cox etimad göstərdiyi deputatlığa namizədlərin seçiləcəyini bir daha söyləyərək, səsvermə hüququ olanları 9 fevralda seçki məntəqələrinə gələrək seçkilərdə fəal iştirak etməyə çağırdı və fikrini belə tamamladı: Namizəd və seçici halallığı bütün fəaliyyətin rəhnidir!
Abbas Bağırov günün sonunda 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinə təqdim edilən təbliğat və təşviqat planına uyğun olaraq, Füzuli parkında yüzlərlə seçicinin toplaşdığı möhtəşəm görüşə qatıldı.
Bu görüş barədə geniş məlumat yanvarın 29-da dərc olunacaq.