DK-da ötən ilin yekunları müzakirə olundu
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Rakus.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2019-cu ilin yekunlarına dair hesabatları müzakirə edilib, 2020-ci il üçün iş planı təsdiq olunub.
Komitə sədri Rövşən Rzayev çıxış edərək bildirib ki, ötən il ölkəmiz üçün uğurla başa çatıb, qarşıya qoyulan bütün vəzifələr icra edilib, dayanıqlı inkişaf və sabitlik təmin olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Sosial-iqtisadi inkişaf sürətinə görə ölkəmiz dünyada öncül yerdədir.
Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələrdən söz açan Dövlət Komitəsinin sədri deyib ki, dövlətimizin başçısının təşəbbüsü ilə ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib. O cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Ötən il beş minədək məcburi köçkün ailəsi yeni ev və mənzillə təmin edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə yeni mənzillərdə, ilk növbədə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdirilir.
Kollegiya iclasının sonunda müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub. (Azərtac)