“Yol poisinin kələyi” videosuna rəsmi açıqlama verildi - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakıda yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış videogörüntülər barədə məlumat yayıb.
Rakus.az xəbər verir ki, bu barədə idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib.
Açıqlamada deyilir: “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.
Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.
Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb”.