Bu il nə qədər kənd və yaşayış massivi qazlaşdırılacaq?
Bu ildə 80-dən çox kənd və 40-dan artıq yaşayış massivi qazlaşdırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Rakus.az -a bildirilib ki, 2020-ci ildə Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR-a dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqəsi (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır.
İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən artıq kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq. Eyni zamanda, Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq. Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə, 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Buraya ötən il icrasına başlanılan qazlaşdırmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir. Hazırda onlardan 5-də son tamamlanma işləri aparılır. Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100 faiz qazlaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu il “Azəriqaz” İstehsalat Birliyi üçün uğurlu il olub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.