Ramiz Əskər Özbəkistanda mühazirə oxudu - FOTO
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin professor-müəllim heyətinə və tələbələrə türkologiyanın problemləri və qarşıda duran vəzifələrlə bağlı mühazirə oxuyub.
Rakus.az xəbər verir ki, universitetin professoru Həmdulla Baltabayev Ramiz Əskərin elmi və tərcüməçilik fəaliyyətindən danışıb. Bildirib ki, Ramiz Əskər 74 kitabın müəllifidir. Bu kitabların 55-i tərcümə, qalanları orijinal əsərlərdir. O, özbək ədəbiyyatına dair 10 kitab tərcümə edib. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib.
Ramiz Əskər Bakı Dövlət Universitetinin tarixi, Azərbaycanda təhsil sistemi haqqında məlumat verib, tərcüməçilik fəaliyyətindən danışıb. “Dərs prosesində istifadə üçün özbək klassik və müasir ədəbiyyatından əsərlər yox idi. Ona görə də mən özbək ədəbiyyatından kitablar tərcümə etdim ki, tələbələr istifadə edə bilsinlər. Əlişir Nəvainin “Xəmsə”sini çevirməyi isə vətəndaşlıq borcu hesab edirəm. Ümidvaram ki, siqnal nüsxələri əldə olan kitab böyük tirajla nəşr ediləcək. Türkmən ədəbiyyatından isə 12 kitab çevirdim”, – deyən professor qazax, qırğız, tatar ədəbiyyatından da nümunələr tərcümə etdiyini bildirib.
Sonra alim müəllimlərin və tələbələrin suallarına cavab verib.