Novruz şənlikləri Marneuli və Qardabanidə keçirilməyəcək
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında Novruz bayramı münasibətilə keçirilməsi nəzərdə tutulan şənliklər ləğv olunub.
Rakus.az xəbər verir ki, buna ölkədə koronavirusun yayılma təhlükəsi səbəb olub. Hər iki rayonun bələdiyyəsi bayram şənliklərinin keçirilməyəcəyi barədə məlumat yayıb.
Məlumatda deyilir ki, rayonlarda bu ay ərzində bütün kütləvi tədbirlər koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə keçirilməyəcək. Bununla yanaşı, Qardabani və Marneuli bələdiyyələrində vətəndaşların qəbulu da müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hər il paytaxt Tbilisi ilə yanaşı, Marneuli və Qardabani rayonlarında Novruz bayramına həsr olunan ənənəvi el şənlikləri keçirilirdi.
Xatırladaq ki, hazırda Gürcüstanda 23 nəfər koronavirusa yoluxma halı var. Daha 126 nəfər karantində saxlanılır, 46 nəfər isə stasionar müalicə olunur.