Füzuli rayonunda yas mərasimləri – Sadə və israfsız - FOTO
Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri artıq 7-ci ildir ki, təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir.
Rakus.az xəbər verir ki, rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Füzuli rayonunda yas mərasimlərinin, ehsan süfrələrinin sadə israfçılıqdan uzaq, islami qaydalara uyğun təşkil olunması koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayıldığı dövrdə öz aktuallığını bir daha qoruyur. Məlum olduğu kimi koronavirus və bu kimi viruslar əsasən insanların sıx toplaşdığı, bir-biri ilə yaxın təmasda olduğu ortamlarda surətlə yayılır. Bu cür yerlərdən biri də yas mərasimləridir. Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar hökumət tərəfindən qabaqlayıcı tədbirlər görüldüyü, sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi bir vaxtda rayon ərazisində yas mərasimlərinə nəzarət daha da artırılmışdır. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılmışdır.
Xatırlatmaq istəyirik ki, 2014-cü ildən hal-hazıra kimi rayon ərazisində 1500-dən artıq yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 10 milyon manatdan artıq vəsaitə qənaət olunub. Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 8-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 800-1000 manatla yola vermək olur.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına kömək olur, həm də maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.