Koronavirusla bağlı yeni ARAŞDIRMA
Koronavirus daşıyıcılarının 10%-də xəstəlik simptomsuz keçir.
Rakus.az xəbər verir ki, ABŞ-ın Epidemiyaya Nəzarət və Qabaqlama Mərkəzinin Sinqapurda apardığı araşdırma nəticəsində belə qənaətə gəlinib.
Araşdırma yanvar ayından mart ayınadək Sinqapurda ümumilikdə 243 yoluxmuş şəxs üzərində aparılıb. Onlardan 157-si xaricə səfər etməmiş insanlar olub.
Mərkəz öncəki xəbərdarlıqlarını yenidən nəzərdən keçirərək simptomlu və ya simptomsuz hər kəsin virus daşıyıcısı ola biləcəyini bildirib.
Araşdırmada sosial məsafənin xüsusi rolu vurğulanıb.
“Olduqca sağlam görünən insanlarla təması azaltma məsələsində son dərəcə diqqətli olmaq lazımdır”, – araşdırmaçı Loren Ansel Meyers bildirib.
Tədqiqatçılar simptomsuz olan insanlardan başqa, simptomu olub xəstələnən, ancaq sonra sağalan insanların virusu nə qədər yaya biləcəyini də araşdırır.
L.A.Meyers hər iki xəstə növündən qaynaqlanan neçə yeni yoluxma halının ortaya çıxdığını hələlik məlum olmadığını söyləyib.
Qeyd edək ki, virusun ilk dəfə aşkarlandığı Çinin Hubey vilayətində aparılan bir başqa araşdırmada da koronavirus daşıyıcılarının 10%-də xəstəliyin simptomsuz keçdiyi vurğulanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 950 000-i ötüb. Bunların 201 571 nəfəri sağalıb, 48 259 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.