İsa Sadıqov “dahi ideyalarının” qurbanına çevrilib
Norveçdə “sığınacaq” tapan ehtiyatda olan İsa Sadıqov kimdir? Diplomat, siyasətçi, hərbçi? Əslində, o bunların heç biri deyil. Bütün bunlar onun təxəyyülünün və baş tutmayacaq xəyallarının məhsuludur. O hər şeydən yarımçıqdır.
Sadəcə hərdən-bir ağalarının verdiyi mövzular əsasında, görmədiyi, bilmədiyi, başı çıxmayan proseslər haqqında açıqlamalar verərək özünü gündəmdə saxlamaq üçün çabalamaqdan başqa heç nəyə nail ola bilmir. Onu yaxından tanıyanlar qabında nə olduğunu yaxşı bilir. Kamera qarşısında davranışından tutmuş, verdiyi açıqlamalara qədər etdiklərinin hamısı ancaq istehza doğura bilir. Davranışı məzəli, verdiyi açıqlamaları gülməli, ortaya atdığı ideyalar reallığı əks etdirməyən utopiyadır.
Onu diqqətlə izləyəndə sözlərində qeyri-səmimi, “xala xətrin qalmasın” danışdığı, “yola ver getsin” prinsipi ilə davrandığı aydın sezilir. Bir ağacda oturub min budaq silkələyir. Bilmədiyi proseslər barədə iddialar irəli sürür. Həyata keçirilən uğurlu işlərə kölgə salmaq, hətta ömrünü-gününü Vətənə xidmətə həsr etmiş insanları ləkələməklə də məşğul olmaqdan belə çəkinmir. Başqa yolu da yoxdur İsa “bəyin”, axı onun “çörəyi” bundan çıxır.
Son vaxtlar onun səsləndirdiyi bəzi “dahi iddialara” cavab vermək niyyətindəyəm. Amma əvvəlcədən də deyim ki, İsa Sadıxovun səsləndirdiyi fikirlərə cavab hazırlamaq üçün “Amerika kəşf etməyə” əsas yoxdur. Bütün bu cavabların arqumentləri mətbuatımızda dəfələrlə açıqlanıb. Sadəcə İsa “bəy” bu uğurları görmür və görmək istəmir. Çünki Azərbaycanın uğurlarını görsə, ona ağaları nə sığınacaq verər, nə də xərcləməyə qrant.
Onun-bunun tapşırığı ilə oturub duran ehtiyatda olan polkovnik iddia edir ki, Azərbaycan Respublikası mütləq hər hansı bir hərbi-siyasi bloka daxil olmalıdır. Bunu deyən şəxs özü, öz diletantlığını sübut etmiş olur. Bunu ancaq regionda baş verən proseslərdən bixəbər olan şəxs iddia edə bilər. Əvvəla, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının üzvüdür və eyni zamanda dünyanın bir çox qabaqcıl ölkələri ilə hərbi əməkdaşlığı uğurla davam etdirir. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və NATO-ya daxil olması məsələsi isə heç vaxt gündəmə gətirilməyib.
Mühacir polkovnikin iddialarından biri də Türkiyə ilə hərbi-siyasi ittifaqın yaradılması və gələcəkdə respublikamızın ərazisində Türkiyə qoşunlarının yerləşdirilməsidir. Bu məsələdə də o ya səmimi deyil, ya da bu məsələdən də tam bixəbərdir.
Türkiyə Azərbaycanla qardaş ölkə və strateji tərəfdaşdır. Ölkələrimiz arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq çərçivəsində hər iki ölkənin qüvvə və vasitələrin əməliyyat uyarlılıq məsələlərinin təkmilləşdirilməsinə yönələn müxtəlif birgə tədbirlər və təlimlər keçirilir. Eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri səviyyəsində artıq bir neçə ildir ki, keçirilən üçtərəfli görüşlərdə birgə hərbi təlimlərin keçirilməsi, bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri, üçtərəfli hərbi əməkdaşlığın perspektivləri, beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir, dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətlər barədə geniş fikir mübadiləsi, müzakirələr aparılır, sənədlər imzalanır.
Əgər İ.Sadıqov bilmirsə onun üçün bir daha vurğulayaq ki, istər Türkiyənin, istərsə də digər dövlətlərin qoşunlarının ərazilərimizdə yerləşdirilməsi Azərbaycan Respublikasının Hərbi Doktrinasının müddəalarına ziddir. O ki, qaldı ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində başlayan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan konfliktin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin hərbi gücün tətbiqinə zərurət yaranarsa, arxalanmalı öz hərbi potensialımız, güclü Ordumuz və onun arxasında dayanan xalqımız, dövlətimiz var.
“Peşəkar hərbçinin” daha bir iddiası peşəkar orduya keçiddir. Azərbaycan Ordusunun qarışıq tipli komplektləşdirilməsi Azərbaycan Respublikasının Hərbi Doktrinasında inkişaf istiqamətlərindən biridir və bu gün üçün ən optimal variantdır. Döyüş təminatını təyin edən hərbi vəzifələrə gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təyin edilir. Bu gün ordumuzda mövcud olan peşələrin 70 faizi artıq ixtisaslaşdırılmış hərbi mütəxəssislərdən, bağlaşma yolu ilə xidmət edən və öz işinin peşəkarları olan hərbi qulluqçulardan komplektləşdirilib. Amma peşəkarlığı tamamlayan ən ümdə amil hərbçilərimizin mənəvi-psixoloji durumu və Vətən sevgisidir ki, bu da Ordumuzda ən yüksək səviyyədədir.
İsa Sadıqovun səsləndirdiyi ən absurd iddia isə yüksək dağlılıq ərazilərdə kanat yollarının çəkilməsidir. O, 10 ildir ki, ölkəni tək edərək xaricdə sığınıb. Orduda hansı işlərin görüldüyündən təbii ki, xəbərsiz, məlumatsızdır. Onun yadında ancaq 1992-93-cü illərin ordusundakı vəziyyət qalıb.
Yüksək dağlıq şəraitində döyüş tapşırıqları yerinə yetirən Azərbaycan Ordusunun şəxsi heyətinin normal fəaliyyətlərinin təmin edilməsi üçün geniş yollar salınıb və xüsusi texnika vasitəsilə ilboyu bu yollara xidmət göstərilir. Çətin iqlim şəraitində, xüsusən də qış mövsümündə, dağ cığırlarında quraşdırılmış xüsusi vasitələrdən də geniş istifadə olunur. Akademiya oxumuş polkovnik bilmir ki, bu tədbir heç də hər zaman effektli olmur və insanların təhlükəsizliyini təmin etmir. O, hansısa ölkə ordusunun qar uçqununun qarşısını “kanat yollarla” aldığını bilirsə, onda bu barədə öz təcrübəsini oxucularla da bölüşsün.
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin ünvanına tez-tez əsassız ittihamlar irəli sürən “mühacir polkovnik” həmin təhsil ocaqlarında qəbulun Dövlət İmtahan Komissiyası tərəfindən keçirilən imtahanlar nəticəsində həyata keçirildiyini nədənsə yaddan çıxarır.
İsa Sadıqovun fikrincə ən çox “furor” yaradacaq məsələ məhz dövlətimizin qayğısı və iqtisadi imkanları sayəsində alınan və silahlanmaya qəbul edilən yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahlardır. Odur ki, az qalır “köhnəlmiş hərbi texnika alınır” deyə hər gün dünyaya səs salsın, “faktlar” səsləndirib “ictimaiyyəti məlumatlandırsın”.
“İctimaiyyətin məlumatlandırılması” sözünü dırnaq arası yazmaqla sadəcə İ.Sadıqovun öz oxucularına hörmətsizlik etdiyini göstərmək istədim. Çünki son illər Ordumuzun arsenalına daxil edilən Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik “Msta-S”, 220 mm-lik ТОС-1A “Solntsepyok”, XRİZANTEMA-S, “Vena”, OSA-1T, BUK-МB, S-300 FAVORİT, “Geasint” və digər müasir döyüş texnikaları 2018-ci ilin 100-illik paradlarında nümayiş etdirilib. Bütün bunlar xeyli sayda yerli və xarici kütləvi informasiya vasitələrində tirajlanıb. Xidmət etdiyi dövrdə ancaq T-55 tanklarını görən İ.Sadıqovdan soruşmaq gərək Т-90 tankları, PDM-3, ZTR-82А döyüş texnikası nə vaxtdan köhnəlib ki, xəbərimiz olmayıb. O, bir şeyi unudur ki, bu sadaladığımız texnika ilə hətta Rusiya ordusunun əksər hərbi hissələri hələ tam komplektləşdirilməyib. Azərbaycanın onları alaraq Ordunun sərəncamına verməsi isə ölkəmizin uğuru, qələbəsi və iqtisadi gücün, qüdrətinin göstəricisidir. Bu addımlar müdafiə qüdrətimizi yüksəldir ki, bundan təbii olaraq düşmənlərimiz çox narahatdır. Elə bu səbəbdən ehtiyatda olan polkovnikin də bundan narahat olması özü bir çox suallar doğurur…
İsa Eldaroğlu, hərbi jurnalist