Növbəti görüş Vaşinqtonda keçirilə bilər
ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.
Rakus.az xəbər verir ki, görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.
XİN rəsmisi daha öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrov, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN rəhbəri ilə keçirilən sonuncu görüşü də xatırlayıb.
Nazir deyib: “Demək olar ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinın həlli ilə bağlı bizim səylərimizi diqqətə çatdırdım və qeyd etdim ki, biz bu məsələdə irəliləyişə nail olmalıyıq. Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək”.