Bakıda qaydaları pozan nəqliyyat vasitələri var
Xüsusi karantin rejimi dövründə 48 min nəqliyyat vasitəsi dayanma, durma qaydalarını pozub.
Rakus.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, karantin rejimi dövründə nəqliyyat vasitələri ilə qaydalar pozulsa da, BNA tərəfindən qəbul edilən qərara əsasən cərimə tətbiq olunmayıb: “Hazırda şəhərdə nəqliyyat axınının artması avtobusların hərəkət zolaqlarında digər avtomobillərin parklanmasını da artırır. Bu da avtobusların hərəkət intervalını gecikdirir və sərnişinlərin dayanacaqda sıxlaşmasına səbəb olur”.
Onun sözlərinə görə, martın 24-dən bu günədək paytaxtda avtobuslarla 21 milyon 652 min sərnişin daşınıb.
V.Kərimli bildirib ki, metronun bağlanması ilə əlaqədar express avtobuslar təşkil olunub, bu avtobuslardan da 2 milyonadək sərnişin istifadə edib.