Hindistan ilə tələbə mübadiləsi müzakirələri aparıldı - FOTO
Hindistanın Azərbaycandakı səfiri Şri Bavitlunq Vanlalvavna Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub, rektor və tələbələrlə görüşüb.
Rakus.az xəbər verir ki, Universitetin mətbuat xidmətindən bildiriblər ki, səfirlə görüş zamanı universitetin rektoru, professor Gəray Gəraybəyli qonağa ATU-da təhsil alan xarici tələbələr, onların təhsili üçün yaradılmış şərait haqqında məlumat verib: “Tibb Universiteti Azərbaycanda ən çox xarici tələbə cəlb edən ali məktəblərdən biridir. Ümumilikdə 31 ölkədən tələbələrimiz var. Hazırda Tibb Universitetində 35 hindistanlı tələbə təhsil alır. Xarici tələbələr üçün ayrıca yataqxanamız da mövcuddur”.
Rektor G.Gəraybəyli qonaqlara xarici tələbə qəbulunun artıq yeni üsulla – “Skype” vasitəsilə müsahibə yolu ilə həyata keçirildiyini, ATU-ya qəbul olan xarici tələbələrin əvvəlcə hazırlıq kursu keçməli olduğu haqqında məlumat verib.
Səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin səhiyyə və təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib: “Universitetinizin müasir tədris binaları, klinikaları ilə tanış olduq. Bizim tələbələrə göstərdiyiniz diqqət, qayğı və dəstəkdən məmnun olduq. Çox istərdik ki, Hindistandakı Tibb Kollecləri ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq münasibətləri olsun”.
Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ali məktəbdə təhsil alan hindistanlı tələbələr, onların təhsildə qazandıqları uğur, ictimai aktivlikləri haqqında məlumat verib. Görüş zamanı, həmçinin iki ölkə arasında tələbə mübadiləsi ilə bağlı fikir müzakirələr də aparılıb.
Şri Bavitlunq Vanlalvavna başçılığı ilə səfirlik nümayəndələri universitetdə təhsil alan hindistanlı tələbələrlə görüşüblər. Səfir tələbələrlə tanış olub, onları maraqlandıran məsələlər haqqında danışıb.
Görüşdə Tibb Universitetinin xarici tələblərlə iş üzrə dekanı Qorxmaz Əhmədov da iştirak edib. (AZƏRTAC)