Prezident İlham Əliyev Zirvə görüşündə dünyaya həmrəylik çağırışı etdi – Deputat
“Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna öz müsbət təsirini göstərməkdədir”.
bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, MDB məkanında ilk dəfə olaraq belə bir mötəbər quruma rəhbərlik etmək və dünyadanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətə sadiq olduğunu və milliyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və vəziyyətdən birlikdə çıxış yolunna aydınlıq gətirildi.
Dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə barədə qurumun üzvlərinə ətraflı məlumat verdi: “Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb.
Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”.
Respublika Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübənin digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən son dərəcə yüksək qarşılandı. Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə qəbul edilən birgə bəyannamədə Prezidentimiz İlham Əliyevin fəaliyyəti xüsusilə vurğulandı: “Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.