Gündəm 08.05.2020 15:04

Ulu Öndər Heydər Əliyev – ƏN BÖYÜK AZƏRBAYCANLI

İllər keçdikcə, zaman Ulu Öndəri bioloji olaraq bizdən uzaqlaşdırdıqca, Onun böyüklüyünü, dahiliyini, əbədiliyini daha dəqiqliklə anlayırıq. Əgər bu gün xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev barədə fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun böyük Azərbaycanlı olduğunu vurğulamalıyıq. Belə ki, Ulu Öndərimizin bizlərə miras qoyduğu Azərbaycançılıq, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyası xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsində öz tarixi və əhəmiyyətli rolunu oynayıb. Məhz Ulu Öndərin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu ki, bu reallıq özünü ən yüksək səviyyədə tərənnüm etdirməkdədir. Əlbəttə ki, bu danılmaz reallıq eyni zamanda ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz əvəzsiz, müsbət təsirlərini göstərdi. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində – ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı əminliklə öz Liderinə etimad etdi və bu etimad təbii ki, hər bir azərbaycanlının gələcəyə inamlı baxışında öz təşəkkülünü tapmış oldu.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu bütün çıxışlarında vurğulayır.

Biz bilirik ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. Artıq bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə onminlərlə insan Onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.


Heydər Əliyev fundamental inkişaf strategiyasını təmin etdi

Bəllidir ki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyllərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi, kənd təsərrüfatı və s. sahələrdə yüksəlişlər meydana gəldi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Qeyd olunanlarla yanaşı, təhsil sahəsində də ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə təməlli töhfələr bəxş etmiş oldu. Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Habelə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Ümummilli Liderimiz həmin anları bu cür xatırlayıb: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.

Bax bu reallıq Azərbaycançılıq məfkurəsinin təməlinin qoyulması və möhkəmləndirilməsi idi!

Azərbaycan SSRİ miqyasında xüsusi çəkiyə malik olan və liderə çevrilən respublika adını qazandı

Lakin bu da son olmadı. Heydər Əliyevin qətiyyəti sayəsində milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Mədəniyyətimiz, incəsənətimiz inkişaf etdi, dünya Azərbaycanı daha yaxından tanımağa başladı. 1978-ci ildə isə, Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Nəticədə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə görülən strateji tədbirləri fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan və liderə çevrilən respublika adını qazandı.

Naxçıvandan davam edən qətiyyət yolu

Tarix sübut edir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya mövcud idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Olaylar isə, 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Belə bir çətin zamanda Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Faktlar da bu reallığı kifayət qədər əks etdirməkdədir.

17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Həmin vaxtlar Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin “marionetka”ları qismində çıxış edən hakimiyyətdəki “piyada”lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi məharəti və xalqın Onun ətrafında sıx birləşməsi sayəsində mənfur çevriliş cəhdlərinin qarşısı alındı.

Bunun ardınca, Ulu Öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Digər tərəfdən, blokada şəraitində iqtisadiyyatını inkişaf etdirən Naxçıvanın sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda münbit strateji münasibətlər sistemi formalaşdırıldı, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Nəticədə siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Tarixi xilaskarlıq missiyası: Heydər Əliyev siyasi iradəsi!

Azərbaycanın o dövrkü iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını, yenicə əldə etdiyi müstəqilliyini böyük sual altında qoymuşdu. Həmin ərəfələrdə ağır vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov iqtidarı çıxış yolunu istefa verməkdə gördü.

Bunun ardınca isə, hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici xüsusi xidmət orqanlarının mübarizə meydanına çevirmişdi. Ölkədə tam bir anarxiya yaşanır, daxili çəkişmələrin ardı-arası kəsilmirdi. Hətta əlinə silah alan hər kəs dərhal hakimiyyəti ələ keçirməyə çalışırdı və eyni zamanda, separatçılıq amilləri meydana çıxmışdı. Belə vəziyyət 1993-cü ilə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. O, qısa müddətdə ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı. Xalq öz xilaskarının ətrafında cəmləşdi və ölənin inkişaf tarixinin yeni dövrünə qədəm qoyuldu.

Yeni Azərbaycan Partiyası – tarixi zərurətin təntənəsi!

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Belə ki, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin, inam və etibarının bariz göstəricisi idi.

Partiyanın uğurlarının davamlılığını şərtləndirən daha bir mühüm amil partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Artıq bu gün bu gün həm ölkə daxilində, həm də beynəlxalq siyasi arenada böyük nüfuza, əlaqələrə malik olan YAP ən güclü təşkilatı qismində öz sözünü deməkdədir.

Neft strategiyası – bugünkü iqtisadi uğurlarımızın təməli

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu Öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

O da sirr deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən sürətlə inkişafı, dünyada nüfuz sahibi olması, müxtəlif məsələlərə münasibətdə öz mövqeyini ortaya qoyması, heç bir dövlətdən və qurumdan asılı olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu Öndər Heydər Əliyevin düşünlümüş enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

Mətbuatımızın hamisi

Mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın iş prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: “Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.

Onu da qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi. Dahi rəhbər mətbuatımızın inkişafına səbəb ola bilən və biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi. Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu. Təsəvvürünüzə gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq edildiyi zamanda belə, demokratik işartılar görünməyə başlamışdı. Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi.

Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının dostu olaraq seçilmişdi. Bu, Onun mediaya, jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.

1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirildi, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu Öndərimiz bununla bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı, milli mətbuatımız hazırkı tərəqqisinə nail ola bilməzdi. Təbii ki, Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir.

Bir xüsusi haşiyə olaraq onu da vurğulamaq yerinə düşərdi ki, “SƏS” qəzeti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi tələblərini ictimailəşdirilməsi, dünyaya çatdırılması, Onun ideyalarının cəmiyyətə təqdim etməsi istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli Liderə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz “SƏS” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, “SƏS” qəzeti Onun üçün çox əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. O cümlədən, “SƏS” qəzeti həm də o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” qəzeti iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan “SƏS” qəzeti iqtidar yönümlü qəzetlərə bir mayak, məktəb rolunu oynadı.

O cümlədən, Prezident İlham Əliyev cənabları “SƏS” qəzetinə yüksək qiymət verərək, bu mətbu orqanının yubileyi ilində təbrik ünvanı ünvanlayıb, fəaliyyətini yüksək dəyərləndirib. Bu amil bizlər üçün tarixi və unudulmaz şərəf, qürur hissidir.

İlham Əliyev – Heydər Əliyevin layiqli siyasi varisi və xalqının Prezidenti!

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir.

Beləliklə, Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Bu, Ulu Öndər Heydər Əliyev yolunun məntiqi və bariz davamı, xalqın birmənalı dəstək verdiyi siyasətin bariz nəticəsidir!

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru,
fəlsəfə üzrə fəlsəfə doktoru

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO