“Waterloo” kompozisiyası “Eurovision” tarixində ən yaxşı mahnı seçildi
Britaniyalı televiziya tamaşaçıları “Eurovision” müsabiqəsi tarixində ən gözəl mahnının adını müəyyən ediblər.
Rakus.az xəbər verir ki, qalibin adı koronavirus pandemiyası səbəbindən ləğv olunan müsabiqənin yayımının əvəzində ekranlara çıxan “Eurovision: Come Together” proqramının efirində açıqlanıb.
Səsvermənin nəticələrinə əsasən, ABBA qrupunun “Waterloo” kompozisiyası müsabiqə tarixində ən yaxşı mahnı seçilib. İsveç qrupu bu mahnını 1974-cü ildə İngiltərənin Brayton şəhərində keçirilən Eurovision müsabiqəsində ifa etmişdi.
Kompozisiya ekranlara çıxdığı andan etibarən müxtəlif ölkələrin hit-paradlarında ilk yerləri tutmuş, bütün dünyada 6 milyon nüsxə ilə yayılmışdı.
“Eurovision-2020” mahnı müsabiqəsi may ayının ortalarında Roterdam şəhərində keçirilməli idi. Lakin Avropa Yayım Şurası koronavirus pandemiyası səbəbindən müsabiqəni ləğv edib və təşkilatçılar onun əvəzində online-şou keçirib.