Qarabağ üsyanı: Ötən 100 il
Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik çıxışlarından biri Qarabağda baş verən üsyandır.
Rakus.az xəbər verir ki, üsyandan 100 il ötür.
Tarixi mənbələrə əsasən, üsyana hazırlığın həlledici mərhələsi 1920-ci il mayın sonlarında başa çatıb. Gəncə üsyanının başlanması xəbəri alınan kimi, Cəbrayıl ətrafında milli qüvvələrin toplantısı keçirilib və burada üsyanın mayın 29-dan 30-na keçən gecə başlanması qərarlaşdırılıb.
Üsyançılara Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri və türk generalı Nuru Paşa başçılıq edib. Qarabağda geniş vüsət almış bu xalq üsyanında yerli könüllülər dəstələri də fəal iştirak edib. Bundan əlavə, Nuru Paşanın çağırışı ilə Dağıstanın könüllü dəstələri də Qarabağ üsyançılarına kömək göstəriblər. Lakin XI Qırmızı Ordunun hissələri zirehli maşınların, səhra toplarının və hərbi təyyarələrin köməyi ilə Qarabağ üsyançıların müqavimətini amansızcasına qırıblar. (Report)