Cib telefonum 24 saat açıq olur – MUSA QASIMLI - FOTO
Rakus.az seçici-deputat əlaqələrinin genişləndirilməsi və seçicilərin suallarının millət vəkilləri tərəfindən lazımi səviyyədə dəyərləndirilməsi məqsədilə “Deputatına sual ver, cavab al” layıhəsinin tətbiqinə başlayıb. Çünki son vaxtlar redaksiyamıza edilən müraciətlərdə bu əməkdaşlığın bəzi hallarda yetərli səviyyədə olmadığı bildirilir. Bu layihə çərçivəsində seçiciləri maraqlandıran bu və digər məsələr barədə deputatların fikirlərini diqqətinizə çatdıracağıq. İlk olaraq müraciət etdiyimiz bir neçə millət vəkilindən suallarımızı birinci AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı cavablandırdı. Musa müəllimə dərin təşəkkürümüzü bildirir və müsahibəni sizlərə təqdim edirik.
– Musa müəllim, bir deputat kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz ?
– Bu sualın cavabını seçən seçici bilir. Ən düzgün qiyməti o verər. Mən yalnız onu söyləyə bilərəm ki, ötən müddət ərzində “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanunu”nun 5-ci maddəsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Həmin maddədə konkret olaraq yazılır: “Deputatlıq fəaliyyətinin formaları. Deputat aşağıdakı formalarda fəaliyyət göstərir: Milli Məclisin iclaslarında iştirak edir; Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir; Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir; deputat sorğuları verir; seçicilərlə iş aparır”.
– Seçki kampaniyasında verdiyiniz vədlərə əməl edə bilirsinizmi ?
– Seçki kampaniyası zamanı verdiyim vədləri yerinə yetirməyə çalışmışam. Seçicilərim üçün daim əlçatan deputat olmuşam. Heç bir müraciət diqqətdən kənarda qalmayıb. Məktublara dərhal cavab verilib, müvafiq orqanlara deputat sorğusu göndərilib. Sağ olsunlar müvafiq qurumlar da dərhal reaksiya veriblər. Cib telefonum 24 saat açıq olub. Seçki zamanı görüşlərimdə iştirak edən seçicilər telefon nömrəmi bilirlər. İstədikləri zaman zəng edirlər. İclasda olanda mesaj yazmışam ki, danışa bilmirəm, iclasdayam. İclasdan sonra çıxıb zəng etmişəm, demişəm ki, bu nömrədən mənə zəng gəlib. Heç bir şəxsi qapımda 10-15 dəqiqə gözlətməmişəm. Seçicimin bir problemi olubsa, istəyinə uyğun olaraq buradan Masallı və Yardımlıya evinə getmişəm, süfrəsi arxasında oturub bir stəkan çayını içmişəm, onu dinləmişəm. İmkan daxilində kömək etmişəm. Seçildiyim dairədəki böyük kəndlərin və məktəblərin demək olar ki, hamısında olmuşam.
– Seçicilərinizlə görüşləriniz neçə təşkil olunur və onlarla əlaqəniz hansı səviyyədə qurulur ?
– Ayda bir və ya iki dəfə Yardımlı və Masallı rayonlarına gedirəm. Bir qayda olaraq, əvvəlcədən “mənim görüşüm olacaq” deyib, insanlara zəhmət vermirəm. Onsuz da problemi olan müraciət edir. Kənddə ilk növbədə, məktəbə gedir, müəllimlərlə görüşürəm. Kəndin ortasında toplaşan adamlarla söhbət edirik. Yol kənarında bir neçə adam varsa, maşını saxlayıb görüşürəm. Bəzən isə görüşlərim barədə əvvəlcədən xəbər verirəm.
– Qanunla deputat seçilsə də, bəzən onların təyin olunduğu barədə də fikirlər səslənir. Buna münasibətiniz ?
– Əgər deputat təyin edilirsə, onda seçki nə üçündür?
– Gənclər arasında kriminalaşma hallarının getdikcə artmasını nə ilə əlaqələndirirsiniz ?
– Kriminal hadisələr bütün dünya ölkələrində də daim olub, var və bundan sonra da olacaq. Bunun çoxlu səbəblərinin olduğu qənaətdəyəm. Ailə, məktəbdə alınan təhsilin səviyyəsi, ətraf mühit, bu və ya başqa səviyyədə müəyyən sosial problemlərin mövcudluğu, insanları qanunsuz əməllərə sövq edən filmlərin televiziyalarda daha çox göstərilməsi, bəzi filmlərin düzgün başa düşülməməsi, internetin təsiri və s.
– Bir deputat olaraq bundan çıxış yolunu necə görürsünüz ?
-Yuxarıda söylənən səbəblər tədricən, islahatlar yolu ilə aradan qaldırılmalıdı.
-Sizcə sosial şəbəkələrin valideyn-övlad münasibətinə və ailə məsələlərinə mənfi təsiri varmı?
– Müasir texnoloji nailiyyətlərin nəticəsində dünya kiçik bir kənd halına gəlib. Bunlardan biri olan sosial şəbəkələrin də heç şübhəsiz, şagirdlərə, valideyn-övlad münasibətlərinə təsiri var. Bəzi xarici mərkəzlər strateji planlarını həyata keçirmək üçün millətimizi tək, vahid, güclü edən, ayaqda saxlayan amillərdən biri olan ailə dəyərlərini dağıtmaq istəyirlər. Təəssüf olsun ki, bəzi televiziya proqramlarında və internet saytlarında bilərəkdən və ya bilməyərəkdən bu təbliğat aparılır.
– Təklif və çıxışlarınızda seçicilərin mövqeyi hansı formada olur ?
– Milli Məclisin iclaslarında, xüsusən büdcə məsələləri və hökumətin fəaliyyətinə dair illik hesabat müzakirə edilərkən seçiciləri ən çox narahat edən və həqiqən də mövcudluğuna əmin olduğum məsələləri təklif formasında söyləyirəm.
– Real şəraitdə seçici-deputat münasibəti necədir və necə olmalıdır ?
– Seçici və deputat arasında sədd olmamalıdır. Deputat daim seçici üçün əlçatan olmalıdır. Motivi nə olursa-olsun, seçicini qəbul etmək, sona qədər səbrlə dinləmək və başa düşmək lazımdır. Mən həmişə belə olmuşam.
– Təklif və fikirlərinizin ictimaiyyətə çatdırılmasında və onların buna olan münasibətinin öyrənilməsində sosial şəbəkələrdən necə yararlana bilirsiniz ?
– Feysbuk və istaqramın imkanlarından istifadə edirəm. Lakin zaman apardığı üçün adətən maşında gedərkən telefondan istifadə edib azsaylı statuslarımı yazıram.
– Fəaliyyətinizə nəzər salanda növbəti seçkidə də deputat olmaq istərdinizmi ?
– Hələ 2020-ci ilə var. Ağsaqqallar, böyüklər, seçicilər məsləhət görsə, namizədliyimi verəcəyəm.