MTRŞ telekanalar ayırdığı vəsaitin məbləğini açıqladı
“Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərilməkdə davam edir”.
Rakus.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib.
Qeyd olunub ki, dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.
2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil edib ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olub.
Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.
2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olub. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil edib.
2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.
Televiziya və radio kanallarının il ərzində ən böyük xərcləri əməkdaşların məvacib fondunun saxlanılmasını (50 milyon manata yaxın), həmçinin, yerüstü və peyk yayımının təmin olunması üçün çəkilən xərcləri (17 milyon manata yaxın) əhatə edir.
Bildirilib ki, Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini həyata keçirən beynəlxalq AGB Nielson şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Auditoriyanın ölçülməsi, əsasən, kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılır. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan Azərbaycanda ölçmələrin keyfiyyətinə mənfi təsir edir. Qeyd olunmalıdır ki, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə əsasən, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. Buna baxmayaraq, hazırda ölçmələr aparılan ailə sayından uzunmüddətli müşahidələr əsasında alınan məlumatlarla da televiziyaya baxış haqqında ümumi qiymətləndirmə aparmaq olar. Belə ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olmuşdur ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir. Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, Xəzər, ARB, Space, İTV, Real, Lider) baxış təşkil edib, 1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olub.