Stadiondan futbola baxmaq qadağan olundu
Azərbaycanın futbol azarkeşləri 2020/2021 mövsümündə avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcəklər.
Rakus.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin keçirilmiş iclasında qəbul olunub.
Qərara əsasən, avqustda başlayacaq növbəti mövsümdə UEFA bayrağı altında keçirilən yarışlar azarkeşsiz keçiriləcək. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi halda, mövsümün gedişatında dəyişdirilə bilər.
Xatırladaq ki, yeni mövsümdə “Qarabağ” 18-19 avqustda Çempionlar Liqasında mübarizəyə başlayacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizəyə avqustun 27-də qoşulacaq. Dörd komandamız müvafiq turnirlərin I təsnifat mərhələsində mübarizə aparacaq.
Çempionlar Liqasında matçlar pley-offadək, Avropa Liqasında isə qrup mərhələsinədək bir qarşılaşmadan ibarət olacaq.