Qaza qoyulan limit qaldırılsın – Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında qazdan istifadəyə qoyulan limitin qaldırılması ilə bağlı təkliflə çıxış edib.
Rakus.az xəbər verir ki, deputat bildirib ki, əhalinin müxtəlif təbəqələrindən edilən müraciətlərə əsaslanaraq qaza qoyulan limit qaldırılmalıdır:
“İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır. Hazırda 1700 kubmetr limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan, ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, məsələn, istixanaların ödəmə imkanları var. Aztəminatlı əhali üçün bu, böyük problemdir. Çox istərdim ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər və limit iki dəfə qaldırılsın”.
F.Mustafa yol-nəqliyyat məsələlərinə də toxunub: “Dayanacaqlar yuyulmur. Piyada zolaqlarının böyük hissəsi çəkilməyib. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Bununla bağlı məsələlərə diqqət edilməlidir”.