Kompensasiyaları SMS-lə almayanlar banka yaxınlaşmalıdır
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, bazar ertəsindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.
Rakus.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur:
“Dünəndən etibarən kompensasiyaların verilməsinə start verilib. Banklarda sıxlıq yaranmasın deyə, hər bir bank öz müştərisinə SMS-bildiriş göndərir. Bu da növbəlilik prinsipinin qorunmasına dəlalət edir ki, vətəndaşlarımız vaxt itkisinə məruz qalmasınlar. Vətəndaşlar bildirilən vaxtda banka yaxınlaşırlar. Şəffaf formada, elektron şəkildə bankdan kompensasiyalarını alırlar. 500 manata qədər olan vəsaitlər vətəndaşlara nağd, 500 manatdan yuxarı olan vəsaitlər isə kart formasında verilir”.
E.Allahverdiyev qeyd edib ki, kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.