Bölgələrdə arıların ölümünə SƏBƏB nədir?
“Azərbaycanın bir neçə bölgəsində arıların kütləvi ölümü ilə qarşılaşdıq”.
Rakus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, belə hadisələrdən biri Zaqatalada qeydə alınıb: “Belə ki, Zaqatalada fındıq sahələrini dərmanlamışdılar. Zaqataladan başqa, pambıq əkilən rayonlarda da bu kimi hal qeydə alınmışdı. Sahələrin dərmanlanması zamanı arıların kütləvi ölümü ilə qarşılaşmışdıq. Çünki arıçılar sahələrə arılarını yerləşdirmişdilər. Bu cür dərmanlama halları olan zaman bizə məlumat verməlidirlər. Digər tərəf də təsərrüfat sahibləridir. Hər kəs öz işini irəliyə aparmaq istəyir. Heç kimin ziyan görməməsi üçün ümumi anlaşma olmalıdır. Hazırda bu istiqamətdə qeydə alınan narazılıq məhkəmə prosesinə qədər gedib”.
Xatırladaq ki, Azərbaycanda arı ailələrinin sayı 520 mini keçib. Bu ilin əvvəlindən yerli arıçılar 6 min tona yaxın bal istehsal edib.