Hərbçilər Moskvada festivalda iştirak edirlər
“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.
Festivalda hərbçilər təmsil olunduqları ölkənin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq. 50-dək ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqasın qatıldığı festival sentyabrın 5-dək davam edəcək.