Hərbi 07.06.2019 16:52

Aksiyaçılar “İsgəndər qalası”nda oldu - FOTO - VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan UNEC-in Qadınlar Şurasının fəalları cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Rakus.az xəbər verir ki, yurdumuzun gözəllikləri, ucqar dağ rayonunda quruculuq-abadlıq işlərinin geniş vüsət alması, insanların firavan yaşayışı aksiya iştirakçılarını nə qədər fərəhləndiribsə, ön xətt mövqelərində, düşmənlə qarşı-qarşıya mərdliklə dayanan mübariz əsgərlərimizin şux görkəmi, qələbə əzmi, gələcəyə nikbin baxışı və hər an torpaqlarımızı azad etməyə hazır və qadir olduqları bir o qədər də qonaqları sevindirib.
Hərbi qulluqçular tərəfindən qarşılanan aksiya iştirakçıları əvvəlcə Gədəbəy şəhərinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib Ulu Öndərə ehtiramlarını bildiriblər.
Gədəbəy uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Məzahir Rüstəmovun abidəsi qarşısında qrupun bələdçisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani əfsanəvi döyüşçünün hər bir gənc üçün örnək ola biləcək igidliklərindən söhbət açıb.
Nəzərə çatdırılıb ki, Bakıda çalışdığı yüksək vəzifə postunu tərk edərək könüllü döyüşlərə atılan baş leytenant Məzahir İzzət oğlu 1992-ci il avqustun 6-da olduqca mühüm strateji yer olan Mutudərə uğrunda döyüşlərdə son nəfəsinə qədər vuruşub. Qorxmaz zabit düşmənin əlinə diri keçməsin deyə, onları yaxınına buraxaraq sonuncu qumbarası ilə həm özünü, həm də xeyli qulduru məhv edib.
Bu gün gədəbəylilər, eləcə də bölgənin müdafiəsində dayanan hərbçilər Milli Qəhrəmanın xatirəsini əziz tutur və onu həmişə nümunə göstərirlər. Keçən il hərbi hissənin təşəbbüsü ilə Məzahir Rüstəmovun Mutudərə zirvəsində xatirə abidəsi ucaldılmışdır. Döyüş növbəsinə yollanan hər bir əsgər burada ayaq saxlayır və qəhrəmanın xatirəsini sükutla yad edir.
Aksiya iştirakçıları Məzahir Rüstəmovun da vaxtilə xidmət etdiyi hərbi hissənin qərargahı qarşısına toplaşan şəxsi heyəti Ramazan bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü qarşısında xatirə şəkli çəkdiriblər.
UNEC Qadınlar Şurasının sədri, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini, dosent Təranə Kərimovanın rəhbərlik etdiyi qrup səfərlərini zirvələrə doğru davam etdiriblər.
Çaysahili sıldırım qayalıqlarda kəşfiyyatçıların öz məharətlərini, peşəkarlıqlarını, fiziki, mənəvi, iradi keyfiyyətlərini əyani şəkildə nümayiş etdirən nümunəvi göstəriləri, düşdükləri ekstremal vəziyyətlərdən çıxmaq üçün əl atdıqları ən çətin çevik fəndlər qonaqları heyrətləndirib. “Əgər Azərbaycan Ordusunda bu cür qorxmaz, igid oğullar varsa, deməli, torpaqlarımız tezliklə işğaldan azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır”, – deyə ziyalı qadınlar kəşfiyyatçıları alqışlayıblar.
Hər bir döyüşçüyə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc edilmiş kitabçalar təqdim olunub.
Artilleriyaçılar düşmənin bütün hərbi obyektlərini bir anda darmadağın etməyə, silahlarını susdurmağa qadir olduqlarını nəzəri və təcrübi biliklərini əyani şəkildə göstərməklə təsdiq ediblər.
Xarici Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Afət Abbasova ulu öndər Heydər Əliyevin “Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcudur” fikrini xatırlatmaqla, bu gün öz vətəndaşlıq borclarını yerinə yetirərək uzaq bir məsafəni qət edib, müqəddəs Ramazanda əsgərlərimizlə görüşə gəldiklərini və burada gördüklərindən qurur duyduqlarını diqqətə çatdırıb. Professor A.Abbasova Azərbaycan əsgərinin məğrurluğunu hərbi paradlardan, geniş miqyaslı təlimlərdən hazırlanmış videoreportajlardan dəfələrlə izlədiyini vurğulayıb. Bu gün onların xidmət şəraiti, onlara etibar edilmiş texnika, silah-sursatla yaxından tanışlıqdan, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha gördükdən sonra deyib: “Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev heç də hədər yerə deməyib ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz ən ucqar zirvələrdə gördük ki, həqiqətən bizim güclü ordumuz, döyüşkən oğullarımiz var və hər bir əmrə hazırdırlar”.
Respublikamızın ayrı-ayrı bölgələrindən olan əsgər və zabitlərlə “Ordumuz qürurumuz, Xalqımız dayağımız” mövzusunda keçirilən söhbət zamanı “Türk dünyası” İqtisad fakültəsinin dekan müavini Cəvahir Məmmədova, “SABAH” Mərkəzinin dekanı, dosent Aida Quliyeva, Dizayn kafedrasının müdiri, dosent Lalə Məmmədova, Tələbə şöbəsinin müdiri, dosent Xalidə Yusifova Ordumuzla fəxr etdiklərini, onun uğur və nailiyyətlərindən qürur duyduqlarını, döyüşçülərdən isə Vüqar Feyziyev, Eldəniz Hüseynov, Ruslan Əsədov, Hikmət Əlizadə, Vüqar Həmidov və başqaları arxalarında möhtəşəm bir xalqın dayandığından, orduya inamın, bütün cəmiyyətdə vətənpərvərlik hissinin daha da yüksəlməsindən, cəmiyyətin Ali Baş Komandanımızın ətrafında vahid amal uğrunda birləşməsindən böyük güc aldıqlarını qeyd ediblər.
Düşmənlə təmas xəttində, “İsgəndər qalası”nda keçirilən görüş isə həm aksiya iştirakçılarının, həm də qalanın qəhrəman müdafiəçilərinin xatirəsindən uzun müddət silinməyəcək.
Polkovnik-leytenant Eldəniz Nəsirov bu qalanın tarixi barədə ətraflı məlumat verərək deyib: “İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı ildə Özbəkistanın Buxara vilayətində anadan olub, axısqa türküdür. Ukraynada hərbi xidmət keçib, Daşkənd İrriqasiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüz minlərlə axısqa türkü kimi o da oranı tərk etməyə məcbur olub və 1990-cı ildə Azərbaycana, Şəmkir rayonunun Kür qəsəbəsinə gələrək burada çalışıb. Erməni işğalçıları torpaq iddiaları ilə ölkəmizə basqın edəndə İsgəndər də könüllü olaraq döyüşlərə yollanıb və yeni yaranmaqda olan ordumuzun ilk peşəkar döyüşçülərindən olub. Topçu İsgəndər bu qalada döyüş mövqeyi seçərək düşmənlərin üzərinə od ələyib, bir gündə rəqibin dörd topunu sıradan çıxarıb, onlarla düşməni məhv edib. Hətta o vaxtlar ermənilər Topçu İsgəndərin başı üçün külli miqdarda mükafat da ayırmışdılar. Hərbi hissənin artilleriya rəisinin müavini vəzifəsinədək yüksələn türk qardaşımız Başkəndin quldurlardan təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qalası”, əməliyyatlarında da xüsusilə fərqlənib.
“Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə təkbaşına vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə olunmaqdan imtina edib. Ağır döyüşlərin birində şəhid olan Topçu İsgəndərin Azərbaycan Bayrağına bükülmüş cənazəsi Bakıya aparılaraq böyük izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə uğurlanıb. O vaxtdan alınmaz istehkama çevrilən bu mövqe “İsgəndər qalası” adlanır və burada xidmət edən hər bir döyüşçü topçu İsgəndərə oxşamağa, onun qəhrəmanlıqlarını təkrarlamağa çalışır.
İsgəndərin xatirə lövhəsinin qarşısında çıxış edən UNEC-in qadın fəalları, professor və müəllimlər şəxsi heyətə bundan sonra da şərəfli xidmətlərində uğurlar arzulayıb, Aprel və Günnüt əməliyyatlarında qazanılan qələbənin böyük qələbə ilə nəticələnəcəyinə əminliklərini bildirib, ön səngərdən düşmən mövqelərini müşahidə edib, əsgərlərin sosial-məişət şəraiti ilə tanış olub, xidmətdə fərqlənən hərbiçilərə hədiyyələr təqdim ediblər.
Əsgərlər eşidəndə ki, qrupun rəhbəri, dosent Təranə Kərimova ad günü olmasına baxmayaraq bu gün “İsgəndər qalası”nda, döyüşçülərin arasındadır, dərhal səngər çiçəklərindən çələng hörərək onu da təbrik ediblər.
Polkovnik-leytenant Rasim Manafov komandanlıq adından belə bir xeyirxah vətənpərvərlik təşəbbüsünə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və bu gün ön səngərə gələn UNEC-in fəal qadınlarına minnətdarlığını bildirib.
UNEC-in Qadınlar Şurasının fəalları “İsgəndər qalası”ndan unudulmayacaq xatirələrlə, xoş təəssüratlarla paytaxt Bakıya qayıdıblar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO