Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Martın 17-də Bakıda, “Meredian” Sarayında Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış Kənd İcması Ramazan və Novruz bayramları münasibətilə tədbir keçirib.
Rakus.az xəbər verir ki, tədbir iştirakçıları xeyriyyəçi hacı Ramiz Həsənovun zalda təşkil etdiyi Novruz adətləri ilə bəzədilmiş guşə və bayram süfrəsi ilə tanış olublar.
Tədbirin aparıcısı, Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü Əsgər İbrahimov tədbiri açaraq iştirakçıları, məclisin dəyərli qonaqlarını salamlayıb, İcmanın təşkilatçılığı ilə Ramazan və Novruz bayramları münasibətilə keçirilən tədbirin ənənəyə çevrildiyini deyib.
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardanışın tanınmış din xadimi hacı Abbasəli Həsənov iftar duası oxuyub və iftar açılıb.
Ardanış Kənd İcmasının sədri, professor Məhəmməd Kərimov icmanın gördüyü işlər və gələcək planları ilə bağlı fikirlərini bölüşüb, bu görüşün ən müqəddəs Ramazan və Novruz bayramları ərəfəsinə təsadüf etdiyini, ruhunda, qəlbində doğma yurd, el-oba sevgisi ilə məclisə təşrif buyurmuş insanları təbrik edib, xoş diləklərini çatdırıb, şəhid ailələrinə Novruz hədiyyələrini təqdim edib.
Sonra icmanın gəaliyyətinə daim maddi və mənəvi dəsdək göstərən xeyriyyəçi iş adamları Ardanış Kənd İcması adından TƏŞƏKKÜRNAMƏ ilə təltif olunublar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğı üçün təşəkkür ediblər.
İcmanın Qadınlar Şurasının üzvü Aybəniz Cabbarova, el ağsaqqalı Qulu Quliyev ürək sözlərini bildirib, iştirakçılar bayramlar münasibətilə təbrik ediblər.
Sonra bədii hissə başlayıb, bayram əhval-ruhiyyəli mahnılar səsləndirilib. Kanon ifaçısı Jalə Həsənzadə, aşıq Bəhmən Kazımov ifaları, rəngarəng musiqi nömrələri ilə məclisi daha da rövnəqləndiriblər.
Məclisdə Novruz adət-ənənəsinə uyğun olaraq yumurta toqquşdurma mərasimi keçirilib.
Sonda tədbir iştirakçıları “Meredian” Sarayının həyətində qalanan Novruz Tonqalı ətrafına toplaşaraq, Baharın gəlişini mahnı sədaları altında qeyd ediblər.
(Geniş hesabat növbəti günlərdə dərc olunacaq)





















