AXC dövründə hərbi diplomatiyamız
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.
Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüş və orada fəaliyyət göstərməli olmuşdur. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan, Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində, 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya dönməsinə icazə verilmişdir.
Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdir. Həmin gəmilərin geri alınması üçün də ingilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdır. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq ingilis komandanlığı Xəzər Donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdir. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdur.
Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanla Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstanla qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il iyunun 16-da iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı.
Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov, Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə Xarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdı. Tiflisdə imzalanmış üç il müddətinə on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublika ona mümkün hərbi köməyi göstərməsi idi. Bu sazişin imzalanması həmin dövrdə Azərbaycan dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi 1920-ci il yanvarın 20-də Azərbaycan və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya Hərbi nazirin köməkçisi general-leytenant Əlağa Şıxlinski və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidze və general Kutatelidze təyin edilmişdir.
Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin Hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi Attaşe vəzifəsinə təyin etdi. İkitərəfli hərbi əlaqələr üçün Hərbi Atteşelik aparatının vacibliyini bilən Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 27 may 1919-cu ildə 271 nömrəli digər əmri ilə isə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstan Respublikasındakı Diplomatik Missiyada Hərbi Attaşenin tapşırıqçısı vəzifəsinə təyin edir (Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski Sovet dövründə 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının Diplomatik missiyasında Hərbi attaşe vəzifəsində xidmət etmiş və Diplomatik Missiya bağlanarkən “Azərbaycanın Faciəsi” adlı əlyazmasına görə Sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Turkiyədə gizlənmişdi).
Gürcüstanda Hərbi Attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu Hərbi Attaşelik Azərbaycanın müstəqilliyi dövründə ilk Hərbi attaşeliyi idi. Həmin Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu. Digər tərəfdən də qarşılıqlı şəkildə imzalanmış sazişə uyğun olaraq, Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitləri cəlb edildilər. Qarşılıqlı razılaşmaya əsasən, gürcü zabitləri döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusu sıralarında xidmət etmək imkanı da əldə etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdir. Onlardan ikisi, Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və Hərbiyyə məktəbinin rəisi polkovnik Çxeidze Azərbaycan hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər.
Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret plan və onun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdır.
Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və Gürcüstanın hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu:
1-ci piyada diviziyasından: 1-ci Cavanşir alayı – Xankəndidən, 2-ci Zaqatala alayı – Zaqataladan, 3-cü Gəncə alayı – Gəncədən, 1-ci artilleriya briqadası – 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən.
Süvari diviziyasından: 1-ci Qarabağ alayı – Xankəndidən, 3-cü Şəkı alayı – Gəncədən, Süvari-dağ batareyası – Gəncədən.
2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostan və ya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı, digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsi ilə daşınması hesabatda göstərilmişdir.
Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü. Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri, demək olar ki, müdafiəsiz qalmışdı.
Cümhuriyyət dövrünün hərbi diplomatiyasının tarixinə yazılacaq maraqlı hadisələrdən biri də hərbi təchizat əldə edilməsi üçün Hərbi Nazirliyin nümayəndə heyətinin Avropaya səfər etməsi idi. 1919-cu il oktyabrın 20-də Azərbaycanın Hərbi naziri tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Hərbi Nazirlik nümayəndələri, başda 2-ci Azərbaycan piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov olmaqla, hərbi ləvazimat idarəsindən kollej asessoru (çar Rusiyasında mülki rütbə) Xanbudaqov İtaliyanın Roma şəhərinə ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədi ilə səfər etmişdi. Nümayəndə heyəti İtaliyanın Müdafiə Nazirliyi ilə ikitərəfli əlaqələrin yaradılmasına nail olmağa çalışsalar da, İtaliya Müdafiə Nazirliyi belə əməkdaşlığa meyilli olmamışdır. Bu məqsəd ilə general-mayor İbrahim ağa Usubov Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın hərbi ləvazimat hazırlayan “Kiano Qella Komp” şirkəti ilə 1919-cu ilin 23 noyabr tarixində Roma şəhərində Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan böyük ölçü 20%, orta ölçü 50% və kiçik ölçü isə 30% olmaq şərti ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, qış paltosu və ayaq sarğısı) hazırlanması məqsədi ilə müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə, göstərilən əmlakın 1919-cu ilin 20 dekabr tarixinədək çatdırılması planlaşdırılsa da, lakin həmin əmlak 1920-ci ilin aprelində Bakıya çatdırıldı. Bakının XI Qızıl ordu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi məqsədi ilə İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylamış olsalar da, o zaman Hərbi və Dəniz Komissarı olmuş Çingiz İldırımın əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI Qızıl ordunun zabit və əsgər heyəti tərəfindən kortəbii şəkildə mənimsənilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb tarixinin və Azərbaycanın hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasından qaynaqlanan ənənələr bu gün də uğurla Müdafiə Nazirliyi tərəfindən davam etdirilməkdədir.
Polkovnik Atamalı Şahbazov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının
Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti
Ordu.az