Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir – Prezident
Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə Bakıda hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşündə deyib.
Polşalı həmkarını səmimiyyətlə salamlayan dövlət başçısı deyib: “Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.
Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək.
Bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz”.