Azərbaycan və Gürcüstan enerji həlqəsini müzakirə etdilər
Azərbaycan və Gürcüstan Ağstafa-Qardabani elektrik xəttinin tikintisi işlərinin vəziyyətini və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsini geniş müzakirə ediblər.
Rakus.az xəbər verir ki, “Azərenerji” ASC-dən verilən məlumata görə, qeyd olunan məsələlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında bu gün keçirilən görüşün müzakirə predmeti olub.
Görüşdə Azərbaycanla Gürcüstan enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkənin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır, eyni zamanda Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstanın ərazisindən keçməklə ixrac edilir.
Tərəflər texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyətini geniş müzakirə ediblər.