Azərbaycanın mülki və yaşayış evlərinə 30 mindən çox mərmi, 227-dən çox raket atılıb – Hikmət Hacıyev
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrdan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə təcavüz nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən sahibkarlara dəyən ziyanın aradan qaldırılması üçün sərəncam imzalanıb. Bu da bilavasitə ermənilərin Azərbaycanın mülki obyektlərinə qarşı hücumlarının nəticələrinin qiymətləndirilməsi və zərərin aradan qaldırılmasını ehtiva edir”.
Rakus.az xəbər verir ki, bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, İ.Əliyevin siyasətində Azərbaycan vətəndaşlarına hər zaman dəstək göstərilməsi prioritet məsələdir:
“2016-ci ildə Aprel döyüşlərində də mülki əhalinin mülkiyyətinə ciddi zərər dəymişdi və bu zərər aradan qaldırıldı. Tovuz hadisələri zamanı da ermənilər Azərbaycana qarşı təxribat etdilər. Bu zaman mülki insanlara dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işlər görüldü”.
“27 sentyabrdan başlayaraq ölkəmizə qarşı təcavüzün miqyası daha geniş xarakter daşıyır. Bu müddət ərzində Azərbaycanın mülki və yaşayış evlərinə 30 mindən çox mərmi, 227-dən çox raket atılıb. Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək”, – H.Hacıyev qeyd edib.