“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənilər SSRİ-nin təlimatlarına əməl etmirdilər” adlı veriliş Zəngəzur mahalı, Qafan rayonu, Atqız kənd sakini Arif Əfəndiyevin həyat hekayəsinə həsr olunub.
O, 1948-ci ildə anadan olduğunu, üşaqlıq, məktəb illərinin maraqlı keçdiyini deyib: “Qafan şəhərində evimiz var idi. Onuncu sinifi şəhər məktəbində oxudum. Dərsdən gələndə ermənilər qabağımızı kəsir, dəftər, kitab və qələmimizi alırdılar. O dövrdə rayonda ermənilərin sayı artırdı. Kəndimizdə azərbaycanlılar yaşayırdı, amma şəhər qarışıq idi. Qafanda məlum olan və adları silinən kəndlərin ümumi sayı 100-ü keçirdi”.
Onun sözlərinə görə, 1905-ci ildə ermənilərin kəndlərimizə hücumu zamanı çox sayda insan öldürülüb: “1918-ci ildə lap çətin vəziyyət olub. Ana babam o hadisələrin şahidi olmuşdu. Deyirdi ki, daşnaklar insanları güllə ilə vurur, qoyun sürülərini aparırdılar. Andranikin dəstəsi Zəngəzurda ağsaqqalları məscidə toplayıb, bacasından əl qumbarası atıb, süngüdən keçirib. Sağ qalan kənd camaatı Qapıcıq dağını aşaraq Culfa tərəfə qaçıblar. Anamin bibisi danışırdı ki, biz Araz çayına çatanda türklər o tərəfdən gələn erməniləri top atəşinə tutdular. Ondan sonra ermənilər qaçdılar. Beş-altı ildən sonra biz geri qayıtdıq”.

Kənd sakini 1968-ci il iyunun 9-da rayonda güclü zəlzələ baş verdiyini, evlərin 90%-nin dağıldığını bildirib: “Dağılan evləri bərpa etmədilər ki, camaat məcbur köçsün. SSRİ Nazirlər Soveti sədrinin müvini kəndə gəlmişdi, rayon rəhbərliyinə tapşırmışdı ki, atama Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə təqdim etsinlər. Amma ermənilər bunu etmədilər və atam ailəsi ilə 1969-cu ildə kəndi tərk edib Bakıya köçdü. Amma qohumlarımız qonşu kəndlərdə yaşayırdılar. Onlar 1988-ci ilin dekabr ayında deportasiya olundular”.
A.Əfəndiyev sonda vurğulayıb ki, doğma yurdu unutmamışıq, heç vaxt da unutmayacağıq: “Torpaq həsrəti ürəyimizdədir, unutmaq olmur. Hər gecə yuxumuzda oradakı bulaqlardan su içir, gözəl güllərdən dəririk. Gec-tez o yerlərə qayıdacağıq, buna çox ümidliyik”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 27-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.
















