“Azərreyl” Braun Kazmiere ilə müqavilə imzaladı
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini gücləndirməkdə davam edir.
Rakus.az xəbər verir ki, Bakı təmsilçisi 7-ci transferini rəsmiləşdirib. ABŞ təmsilçisi Braun Kazmiere 2020/2021-ci il mövsümündə “Azərreyl”in şərəfini qoruyacaq.
İyirmi dörd yaşlı voleybolçu sonuncu mövsümü Ukraynanın “Ximik” klubunda çıxış edib. Daha öncə ölkəsində “Kentukku Universiteti”nin şərəfini qoruyan Kazmiere Almaniyada da legioner həyatı yaşayıb. O, “Münster”də çıxış edib.
Yeni mövsümdə ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.