Gündəm 09.05.2023 14:54

Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO

Bu gün II Dünya müharibəsinin başa çatmasından 78 il ötür. Əlbəttə, bu hadisəni vaxtilə sevincli və müəyyən qədər də kədərli keçirərdik. Sevincli ona görə ki, bu qələbədə babam – Vəliyev Məhərrəm İbrahimoviçin də payı var idi. Kədərli ona görə ki, o müharibədə babamın “qara kağızı” gəlmişdi…
Məhərrəm Vəliyev 1905-ci ildə Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində (Ermənistan SSR, Krasnoselskiy rayon, Ardanış kəndi) doğulub. Doğrusu, babam haqqında müfəssəl məlumat əldə etmək mənim üçün çox çətin olsa da kənd sakinlərindən, yaşlı insanlardan müəyyən informasiya əldə etməyə çalışdım və hazırda şəcərə ilə bağlı araşdırmamız davam edir.
                           XIX əsrin ikinci yarısında Göyçəyə köçən Məmmədxanlı nəsli   
Ardanış kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tapdıq Qasımovun dediyinə görə, Məhərrəm kişi Məmmədxanlı nəslinin nümayəndəsi olub: “Rəhmətlik Axund Ələşrəf (Axund Ələşrəf Haci Axund Rəhim oğlu-ali dini təhsilli din xadimi, Ardanış kənd ibtidai məktəbinin ilk direktoru- red) mənə dedi ki, bizim nəslimiz-tayfamız Məmmədxanlı adlanır. Əsasən  Türkmənistandan Qarabağa gəlib, orada bir müddət yaşayandan sonra XIX əsrin ikinci yarısında Göyçəyə köçüblər.  Bizim ulu babamız Cəfər kişi olub, onun törəmələri 4 qardaş olub. Hərəsi bir tərəfə dağılıb. Biri Basar Keçər rayonunun  Nərimanlı kəndinə, biri Çəmbərək rayonunun Cil kəndinə gedib, ikisi isə Ardanışa gəlib. Qardaşlardan birinin adı Qasım, biri Məmmədxan olub. Məmmədxan el qəhrəmanı daşnaklara qarşı mübarizə aparmış Məşədi Hümbət kişi ilə qohum olub. Məşədi Hümbətin bacısını Məmmədxanlılaran biri alıb, yeznə-qayın olublar. Qaynayıb-qarışdığı üçün Məşədi Hümbət də Məmmədxanlı hesab olunur. Hamı bir-birinə qohumdur. Ona görə də bunu daha dəqiq araşdırmaq çətindir. Çox zəhmətkeş, halal, alın təri ilə dolanan nəsil olub. Bu nəsilin əvvəli gedib Qaragözlər tayfasına çıxır. Qaragözlərin hərəsi bir yerə səpələndikdən sonra Cəfər kişinin uşaqlarından biri olan Məmmədxan üzdə olan adam olub deyə nəsil Məmmədxanlı adlandırılıb. Bu nəsil sonra Camallar və Mələksüma qollarına ayrılıb”.
                           Nənəmin mərd qadın hekayəsi
Məhərrəm babam cəbhəyə gedərkən böyük qızı Çiçək bibimin, təxminən 6 yaşı (1935), böyük oğlu, atam Əli qağanın 4 yaşı (1937), kiçik oğlu Vəli əmim (1941) dünyaya təzəcə göz açıbmış, heç 40 günlüyü çıxmayıbmış. Üç azyaşlı uşağı çox çətinliklə böyüdən Pəri nənəm heç zaman sarsılmadı, onları ac-susuz qoymadı, zəhmetkeşliyi sayəsində uşaqlarının əlini çörəyə çatdıra bildi. Biz nəvələr də demək olar Pəri nənənin yanında böyümüşük, onun zəhməti hər birimizin üzərində böyük olub. Rəhmətlik danışardı ki, babanız müharibədə olarkən 1943-cü ildə “qara kağızı” gəlib. Bu sözdən sonra çox kövrələrdi və başqa heç nə deməzdi. Bir müddət susqunluğa qərq olar, sonra bizə keçmişdən danışar, uşaq nağılları, din ilə bağlı maraqlı hədislər söyləyərdi. Hər zaman olduğu kimi, radioda “Bulaq” verilişinə qulaq asardı… Nəhayət, həm həyat yoldaşını, həm də üç övladını itirən Pəri Sadıq qızı Vəliyeva 2006-cı ildə 96 yaşında haqq dünyasına qovuşaraq özü ilə birlikdə ailəsinin mərd qadın hekayəsinə birdəfəlik son qoydu. Rəhmətlik nənəmdən bizə qalan onun mülayimliyi, gözəlliyi, rəhmliliyi, zəhmətsevərliliyi və çəkdiyi əziyyətlə bağlı unudulmaz xatirələr qaldı…  Belə qəhrəman anaları-nənələri heç zaman unutmaq mümkün deyil.  Məhz onu yaşatmaq üçün kiçik qızıma Pərican adını qoymuşam.
                        “Qara kağızı”n təsadüfdən doğan axtarışı
Babamın “qara kağızı”nı axtarmaq istəyi məndə 5 il əvvəl təsadüfən yarandı, yəni babamın ölüm xəbərindən 75 il sonra. Elimizin-obamızın dəyərli nümayəndəsi, dostumuz Rasim Hacı oğlu Həsənov bizi – 7 nəfəri 2018-ci ildə Xızı rayonunun Altı Ağac kəndindəki evlərinə qonaq aparmışdı. Təbiət qoynunu gəzdikdən sonra axşamçağı yemək yedik, istirahət edirdik. Rasim isə telefonla futbol oyunlarının nəticələrinə baxırdı. Birdən-birə söhbət ata-babalardan düşdü. Hamı öz ata-babasından danışdı. Məndə dedim ki, babamı görməmişəm, o, İkinci Dünya müharibəsində həlak olub, “qara kağızı” gəlib. Bu sözdən sonra Rasim qardaşımız dedi ki, mən indi baban haqqında məlumat tapacağam. Dedim, axı bu mümkün deyil. Cavab verdi ki, mümkündür. Bir neçə dəqiqə telefonla araşdırma apardı və sevincək bildirdi ki, tapdım. Rusiya Müdafiə Nazirliyinin arxivinə daxil olaraq tapdığı sənədi oxudu: “Vəliyev Məhərrəm İbrahimoviç 1943-cü ildə sentyabrın 2-də Ukraynanaın Xarkov şəhəri uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”. İnanın, çox qəhərləndim… O sənədlərlə aşağıda tanış ola bilərsiniz.
Beləliklə, ona ömrüm boyu duaçı oldum. Çünki babamın ruhunu çox şad etdi. Babamızı bizə tanıtdı. Nəhayət, babam haqqında məlumat əldə edə bildim. Lakin çox təəssüfləndim ki, kaş bu məlumatlar babamın üç övladı sağ olarkən tapılaydı, onları sevindirəydik. Heç olmasa gedib atalarının qəbrini ziyarət edəydilər… Atam Əli İbrahimov 2000-ci ildə 63 yaşında, əmim Vəli Vəliyev 1992-ci ildə 51 yaşında, bibim Çiçək Vəliyeva 2005-ci ildə 70 yaşında artıq dünyadan köçmüşdülər…
                      Baba və nəvənin oxşar taleyi  
Təbii ki, bu gün Qələbə Bayramı olsa da, Məhərrəm babamın haqq dünyasına, indiki dillə desək şəhidlik zirvəsinə ucalmasından 80 il ötür.  Əlbəttə, onun şərəfli və rəşadətli ömür yolu, taleyi  nəvəsi və özünün adını daşıdığı şəhid jurnalist Məhərrəm İbrahimovun adına yazıldı. Hər ikisi 39 yaşında Vətən yolunda haqq dünyasına qovuşdular. Onun 1975-ci il təvəllüdlü nəvəsi Ələsgər İbrahimov isə 1993-cü ildə Birinci Qarabağ savaşında gözündən və əlindən yaralanaraq qazi oldu. Təbii ki, bu yol bizlərə babamızdan qaldı. Bu, tale acı olsa da, İbrahimovlar ailəsi üçün çox qürurlu və şərəflidir. Bu yol bizə Vətəni necə sevməyi, dövlət və dövlətçilik yolunda fəal çalışmağı, torpaq və Vətən uğrunda necə mübarizə aparmağı və qəhrəmancasına ölməyi öyrədib.
Ruhlarınız şad olsun qəhrəman babam, şəhid qardaşım!
Yeriniz cənnət olsun!
Xatırlatma: Göyçə mahalının Ardanış kəndində II Dünya müharibəsinə, təqribən, 265 nəfər gedib, onlardan 54-ü sağ qayıdıb, 29-u həlak olub, 182-si isə itkin düşüb.

Babam Məhərrəm Vəliyev

Babam Məhərrəm Vəliyev haqqında arxiv məlumatı
Babamın həyat yoldaşı Pəri Vəliyeva
Babamın nəvəsi Məhərrəm İbrahimov
Babamın böyük oğlu Əli İbrahimov
Babamın kiçik oğlu Vəli Vəliyev
Babamın qızı Çiçək Vəliyeva və həyat yoldaşı İsmayıl kişi
Babam Məhərrəm Vəliyev haqqında arxiv materialı
Göyçə mahalı, Ardanış kəndi

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov