Bakı-Sumqayıt üzrə avtobuslar xəttə çıxarıldı
Bu gündən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəzərə alınaraq bütün avtobuslar xəttə çıxarılıb.
Rakus.az xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
O deyib ki, təmsil etdiyi qurum pandemiyadan sonrakı dövr üçün Fəaliyyət Planı hazırlayıb, ölkədəki 56 avtovağzal və avtostansiya sərnişin axınını təmin etmək üçün hazır vəziyyətə gətirilib.
“Karantin müddəti bitdikdən sonra regionlardakı sərnişinlərin paytaxta qayıtması ilə kifayət qədər sərnişin sıxlığı gözlənilir. Həmçinin, Bakıda qalan sərnişinlərin də regionlara getməsi gözlənilir. Mərhələli şəkildə sərnişinlərin hərəkəti təmin ediləcək”, – DANX rəsmisi vurğulayıb.