Bəsrada neftdə çalışan xaricilər təxliyyə olunurlar

“ExxonMobil” şirkəti Yaxın Şərqdə gərginliyin artdığı vaxt İraqın cənubunda yerləşən Bəsra vilayətindəki neft yatağından xarici işçilərini təxliyyə edib.
Rakus.az xəbər verir ki, İraqın yüksək səviyyəli rəsmisi və üç başqa mənbənin “Reuters”ə verdiyi məlumata görə, işçilər cümə və şənbə səhər Dubaya və ya Bəsradakı yaşayış kompleksinə evaskuasiya edilib. İraqın neft rəsmisi də evakuasiya xəbərini təsdiq edib.
İraqın dövlətə məxsus Cənubi Neft Şirkətinin başçısı İhsan Əbdül Cabbar deyib ki, təxliyyə “müvəqqəti ehtiyat tədbiridir” və təhlükənin olduğuna dair “heç bir işarə yoxdur”.
İranla ABŞ arasında artan gərginlik Yaxın Şərq regionunda potensial münaqişənin ola biləcəyinə dair narahatlıqlara səbəb olub.
ABŞ bu yaxınlarda ərazidəki hərbi mövcudluğunu gücləndirib və Tehrana qarşı iqtisadi sanksiyaları artırıb. ABŞ Tehranı Amerika qoşunlarına və ölkənin maraqlarına təhlükə törətməkdə günahlandırıb.
Vaşinqton İraqın paytaxtı Bağdaddakı səfirliyindəki bəzi işçiləri qonşu İrandan alınan təhdidlər səbəbilə ölkədən çıxarıb.
“ExxonMobil” məsələ ilə bağlı açıqlama verməyib.