Bir-birimizi yola verməyək, ürəkdən sevək… - FOTO - VİDEO
“Otuz ildən çoxdur sənətdəyəm. Bəxtim elə gətirdi ki, birdən-birə Heydər Əliyev Sarayının səhnəsinə çıxdım. Məsuliyyət yox, qorxu yox. Dedilər ki, qorxmursan? Dedim ki, yox”.
O, karantin günlərini necə keçirməsi barədə danışıb: “Həyatım öz axarı ilə davam edir. Koronavirusdan öncə necə yaşayırdımsa, indi də elə yaşayıram. Beş ilə yaxındır ki, şəhərdən kənarda yaşayıram. Deyim ki, oturmuşam bütün günü evdə və ürəyim sıxılır, yox. Həyatımın çoxunu qızım Dənizə həsr edirəm. Onunla vaxt keçirirəm. Dərsləri onlayn keçirilir. Özüm istədiklərimin çoxunu əldə etdim. Bundan sonra isə hər şeyi Dənizə həsr etmək istəyirəm – dünyaya gec gəlmiş balama…
Bundan başqa, özümə iş tamıram. Yalandan deyə bilmərəm ki, idmanla məşğul oluram. Evdə keçirdiyim vaxt mənim üçün idmandan daha artıqdır. Bir yerdə oturmağı sevmirəm. Yeri gələndə həyətdə nəsə əkib, becərirəm. Bağda xoruzun səsindən sübh tezdən oyanırsan. Bir sözlə, mən evdə işsiz qalmıram. Təbii ki, bu günlərdə yaradıcılığıma da zaman ayırıram”.
Sənətçi insanları aqressiv olmamağa səsləyib:
“Bir sınaqdan keçirik. Bəzi insanlar isə bunun fərqinə deyil. Yenə sataşırıq, bağırırıq, bir-birimizi yeyirik. Allah deyir ki, özünüzə gəlin. Nə olar ki, desək, mən səni çox istəyirəm? Pozitiv olmağın zamanı gəlib. Olanda da, olmayanda da deyinirik. Çatışmazlığı nəzərdə tutmuram. İmkanımız olmasa belə, olandan paylaşacağıq. Bu qədər aqressiv olmaq lazım deyil. Zəmanə başqadır. Gəncləri də sıxmaq lazım deyil. Bizə verilən çeşidlər az idi. İndi tələbat, çeşid çoxdur. Hamısı istəyir ki, onda hər şey olsun. Səbrləri yoxdur. 20-25 yaşı var, qarabaqdır. İstəyirsən ki, onunla “siz”lə danışasan. Bir az da telefonlar lazım olan və olmayan informasiyaları insanlara çatdırır. Hamımızın başqasına bəlli olmayan problemləri var. Qədir-qiymət bilməliyik. Didişməyək, bir-birimizi yeməyək. Bir-birimizi yola verməyək, ürəkdən sevək”. (Axşam.az)