Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Türk Qılıncyatağının Suser olma sirri” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Birinci Qayaxaraba, Birinci Qılıcyataq və Bitlicə toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycanda ta qədimdən yaşayan türklərin tarixi-etnik torpaqlarından didərgin salınması, qırğınlara məruz qoyularaq deportasiya edilməsindən sonra həmin ərazilərə ermənilərin məskunlaşdırılması Qafqaz bölgəsində siyasi, coğrafi vəziyyəti dəyişdirməklə yanaşı, millətlərarası münasibətlərin gərginləşməsinə, eləcə də toponimlərin dəyişdirilməsinə yol açıb.
Birinci Qayaxaraba – Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayon ərazisində kənd olub. 1918-ci ildə azərbaycanlılar deportasiya olunduqdan sonra kənd xarabalığa çevrilib.
Birinci Qılıcyataq – Talın mahalının Talin rayonunda kənd adıdır. Kəndin digər adı “Türk Qılıncyatağı” və “Qılıncyataq türk” olub. Toponim 1946-cı ildə adı dəyişdirilib Suser qoyulub.

Bitlicə – Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə azərbaycanlılar öz kəndlərinə qayıdıblar. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılıblar. 1954-cü ildə kəndin adı dəyişdirilib Bardzraşen qoyulub.
Sonda vurğulanır ki, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər, tarixi torpaqlar heç zaman unudulmur və yaddaşlardan silinmir: “Bu reallıq tarixin qaranlıq səhifələrinin üzə çıxarılması baxımından dəyərli olmaqla yanaşı, gələcəyə istiqamətlənmiş fəaliyyətin gücləndirilməsi, eləcə də tarixi torpaqlarımıza qayıdışın gerçəkləşməsi üçün mühüm əhəmiyyətə malikdir”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 3-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.















