Birinci vitse-prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda - FOTO
Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub.
Rakus.az xəbər verir ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın milli sərvəti olan İçərişəhərin qədimiliyinin qorunmasına daim diqqət və qayğı ilə yanaşırlar. Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.
Aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bildirdi ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir.
Birinci vitse-prezident Mehriban Əliyeva dedi:
-İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq.
Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib.
Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub. Bu da çox gözəl bir haldır. Ona görə siz bir daha nəzarət edin. Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqları nəzərə alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi abidələrindən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız.
Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik.
X X X
Sonra birinci xanım Mehriban Əliyeva “BBC News” Azərbaycanın müxbirinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə bağlı suallarını cavablandırdı.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva burada aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.