Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!
Bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır
Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib.
İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir.
Bununla bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən Dövlət Başçısı dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilidiyinin birinci dəfə olmadığını və son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduğunu diqqətə çatdırdı.Deyildi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınaraq, düşmənə adekvat cavab verilmiş şəhid olmuş hərbçilərimizin qisası alınmışdır.
Törədilmiş təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən Prezident İlham Əliyev belə çirkin vasitələrdən istifadə etməyin onların təcavüzkar siyasətinin təzahürü olduğunu və bu siyasətin Ermənistan üçün böyük təhlükə mənbəyinə çavrildiyini qeyd etdi. Qətiyyətlə bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilməsi, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyi və hər şeyin onlara əyani surətdə göstəriləcəyi də çıxışda öz əksini tapdı.
Ermənistanın ictimai-siyasi və sosial-iqtisadi vəziyətinin analitik tərzdə təhlil edən dövlətimizin rəhbəri Ermənistandakı daxili vəziyyətin artıq böhranlı həddə çatdığını,daxili çaxnaşmaların geniş vüsət aldığını xüsusilə qeyd etdi. Eyni zamanda nəzərə çatdırıldı ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi onları çox narahat edir.
Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, ermənilərin təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələrin bu seçkiləri pislədiyindən də söhbət açıldı.Ermənistanda hökm sürən hərc-mərclikdən və mövcud böhrandan ictimaiyyətin fikrini yayındırmaq və onu cəbhə bölgəsinə yönəltmək məqsədilə belə bir təxribatın törədildiyi, lakin uğursuz sonluqla nəticələndiyi diqqətə çatdırıldı.
Bu təxribatın digər səbəbinin son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atdığı olduğu da qeyd olundu. Deyildi ki, təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Beynəlxalq arenada Ermənistanın demək olar ki, bütün dayaqlarının itirildiyi, daxili vəziyyətin kifayət qədər gərgin olduğu və Ermənistan iqtidarının çıxılmaz vəziyyətə düşdüyü Prezidentimiz tərəfindən tutarlı dəlillərlə göstərildi.
Çıxışına yekun vuraraq ermənilərin təxribatına tutarlı cavab verildiyi, hərbçilərimizin qisasının alındığı və bundan sonra da alınacaqğı, şəhidlərimizin qanının yerdə qalmayacağı Ali Baş Komandan tərəfindən qətiyyətlə və yüksək vətənpərvərlik ruhu ilə səsləndi.
Biz də öz növbəmizdə, Yeni Azərbaycan Partiyasının qadınlar şurasının üzvü kimi, Prezidentimizə dəstək olur, hamını Dövlət Başçımız ətrafında birləşməyə cağırırıq.
“Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!”
Hicran Xəlilova,
YAP Qaradağ RT Qadınlar Şurasının sədri