Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir.
Hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ”Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Hesabata əsasən, Azərbaycandan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin yaşayış yerlərindən görünür ki, bu rəqəm cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olanların sayı müvafiq olaraq 201 və 114 nəfərdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər.
Hesabatda deyilir ki, geri qayıtmış şəxslər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təsdiqlənib və aidiyatı riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda insan Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb.
Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın ) ölkəyə qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladandırlar).
Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.
Hesabatda həmçinin bildirilir ki, bu günə qədər münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.
“Ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir”.
Hesabatda qeyd edilib ki, birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var.
“Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var,” sənəddə qeyd edilir.
Terror təşkilatlarının tərkibində Suriyada və İraqda döyüşən şəxslərin məhkəmə proseslərindən reportajlar hazırlayan jurnalist İnarə Rafiqqızı Amerikanın Səsinə bildirib ki, Azərbaycan vətəndaşlarının terror təşkilatlarına qoşulması halları əsasən 2012-2013-cü ildən sonraya təsadüf edir.
“Onlar dini təəssübkeşlik adı ilə aldadılaraq terror təşkilatlarına cəlb olunub. Məhkum edilənlərin əksəriyyəti məhkəmə zamanı ifadələrində `savab iş üçün getmişik` deyirlər və aldadıldıqlarını etiraf edirlər. Hərəkətlərindən peşmançılıq keçirdiklərini bildirirlər. Məsciddə onlara psixoloji təsirlərin olduğunu söyləyirlər,” – jurnalist qeyd edib.
İnarə Rafiqqızının sözlərinə görə, Suriyada terror təşkilatlarının tərkibində olan Azərbaycan vətəndaşlarının əksəriyyəti “Sumqayıt camaatının” əmiri Əbu Məhəmməd ləqəbli Talış Aqilin dəstəsində olduqlarını deyirlər.
“Məhkəmə proseslərindən məlum olur ki, Suriyada terror təşkilatlarına cəlb olunan Azərbaycan vətəndaşları əsasən Sumqayıt şəhərindən, şimal rayonlarından və Bakının Qaraçuxur qəsəbəsindəndir,”- o qeyd edib.
Keçmiş milli təhülkəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan vətəndaşlarının terror təşkilatlarına cəlb olunmasının həm siyasi, həm dini-ideoloji, həm sosial-iqtisadi, həm də xarici xidmət orqanlarının apardığı işlə bağlı səbəbləri var.
“Bu, bir tərəfdən Azərbaycanın terrorizmin geniş yayıldığı məkanla qonşu olması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın özü terrorla üzbəüz qaldığına, ərazisinin bir hissəsi işğal altında olduğuna, müəyyən ağır sosial-iqtisadi şərtlərin mövcudluğuna, beynəlxalq terror təşkilatlarının, bir sıra ekstremist dini cəmiyyətlərin ölkədə aktiv iş apardığına görə Azərbaycan vətəndaşları terror təşklatlarına cəlb oluna bilib.”
O hesab edir ki, Azərbaycan vətəndaşlarının terror təşkilatlarına daha çox cəlb olunması əsəsan `Ərəb baharı`nın Suriyada hərbi fazaya qədəm qoyduğu, İŞİD-in aktivliyinin artdığı 2012-2015-ci illərə təsadüf edir.
“Azərbaycanın şimal rayonlarından, Sumqayıtdan və Bakının Qaraçuxur qəsəbəsindən insanların daha çox terror təşkilatlarına cəlb olunmasının səbəbləri həmin insanların sünni məzhəbindən olan radikal dini qruplarla bağlı olması və həmin terror təşkilatlarının Azərbaycanda aktiv iş aparmaları ilə bağlıdır. Burada xüsusən sələfiliyin rolu var.”
Keçmiş nazir müavini terror təhlükələrindən danışarkən deyib ki, burada təkcə dini-ideoloji məsələ rol oynamır: “Təbii ki, məsələnin dini-ideoloji aspekti də var. Amma burada ən təhlükəli olan xarici xüsusi xidmət orqanlarının belə anoloji təşkilatlar qurması ilə bağlıdır. Digər tərəfdən də belə terror təşkilatlarının tərkibində xarici xüsusi xidmət orqanlarının mövqe qazanması ilə bağlıdır. Ən təhlükəli olan odur. Həmin xarici xüsusi xidmət orqanları əgər Azərbaycan vətəndaşları sırasından da bu işə cəlb edirlərsə, onda Azərbaycan üçün xüsusi təhlükəlidir. Artıq terror təşkilatları böyük zərbə alıb və Azərbaycana birbaşa təhlükələri yoxdur. Amma xarici xüsusi xidmət orqanlarının nəzarətində olan terror təşkilatlarının və onların daxilindəki terrorist qrupların Azərbaycan üçün təhlükələri var. Azərbaycanda da bu terror təşkilatlarının üzvləri var. Uyuyan hücrələr, uyuyan qruplar var. Onlar mərkəzdən tapşırıqlar gələn vaxt aktiv hərəkətə keçə bilərlər. Potensial şəkildə Azərbaycanda bu təhlükə var, özü də kiçik deyil”.
Sülhəddin Əkbər hesab edir ki, terror təhlükəsinə qarşı kompleks iş aparılmalıdır: “Mübarizə terrorçularla yox, terroizmlə aparılmalıdır. Yəni, bu kompleks mübarizə tələb edir. Bunun siyasi, dini, ideoloji, informasiya, kəşfiyyat, təşkilatı, maliyyə və başqa tərəfləri var”.