BNA sürücülərə müraciət etdi
Havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib.
Bakı Nəqliyyat Agentliyindən Rakus.az-a bildirilib ki, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin sürücülərdən xahiş olunur ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunub.
Sərnişinlərə isə avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri bildirilir.