Bunları bilirsinizmi?
Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?
Ağızdan pis qoxu gəlməsi hansı xəstəliklərdən xəbər verir? Ağız qoxusunun qarşısı necə alınmalıdır?
Rakus.az xəbər verir ki, ağızdan gələn pis qoxu həm insanın özünün, həm də ətrafdakıların narahatlığına səbəb olur.
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) qastroenteroloqu Anar Salayev e-tibb.az-a bildirib ki, ağrısı, konkret şikayəti olmayan, yalnız ağzından pis qoxu gəlməsinə görə ona müraciət edənlər çoxdur.
Həkimin sözlərinə görə, belə müraciətlər zamanı insanlarda “Helicobacter pylori” bakteriyası aşkarlanır. “Helicobacter pylori” mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır: “Bəzən bu mikrobun müalicəsindən, mədə-bağırsaq patologiyasını aradan qaldırandan sonra ağız qoxusu bir müddət yoxa çıxır, yaxud azalır. Ağızdan pis qoxunun gəlməsinin əsas səbəblərini öyrənmək üçün isə ağız boşluğu xəstəliklərindən tutmuş mədə-bağırsaq xəstəliklərinə qədər hər şey araşdırılmalı, ağız gigiyenasına düzgün nəzarət edilməlidir. Çünki ağız gigiyenasına nəzarət etməyəndə pis qoxu meydana çıxa bilir. Müraciətlər zamanı ilk növbədə xəstədən dişlərinin sağlam olub-olmamağını soruşuruq. Diş əti xəstəlikləri – gingivitlər (damağın selikli qişasının iltihabı prosesi), parodontit, kariyes ağız qoxusuna səbəb ola bilir. Daha sonra dilə, dilin üzərində yığılan ərpə baxılır. Dilin üzərindəki ərp bəzən mikroorqanizmlərin çox yığıldığı əlverişli bir yerdir. Eyni zamanda, boğaz xəstəlikləri – anginalar, tonzillitlər (boğazgəlmə, badamcıqların və boğaz limfoidlərinin iltihablı kəskin infeksion xəstəliyi), mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri də ağız qoxusuna səbəb olur”.
A. Salayev deyir ki, ağızdan gələn pis qoxunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına düzgün nəzarət olunmalı, yeməkdən sonra ağız yaxalanmalı, diş təmizliyinə fikir verilməlidir: “Əgər dişlərdə çürük, kariyes, diş əti xəstəlikləri varsa, stomatoloqa müraciət olunmalı, bunlar mütləq aradan qaldırılmalıdır. Qeyd etdiyim kimi, sadaladığım amillər ağızdan pis qoxunun yaranmasına gətirib çıxarır”.
Bəs, dərman preparatlarının qəbulu ilə ağızdan gələn pis qoxunun qarşısını almaq mümkündürmü? Qastroenteroloq vurğulayır ki, bir müddət “Helicobacter pylori” əleyhinə olan antibiotiklər, mədə turşuluğu əleyhinə dərmanların qəbulu, spreydən, saqqızlardan, müəyyən məhlullardan istifadə ağızdan gələn pis qoxunun qarşısını almağa müvəqqəti kömək edir: “Lakin problem kökündən həll olunmalıdır. Bunun üçün isə qastroenteroloq, stomatoloq və lor tərəfindən müayinə aparılmalı, problem aşkarlanmalı və patologiya tam aradan qaldırılmalıdır ki, ağızdan gələn pis qoxunun da qarşısı tam alınsın. Yoxsa dərman qəbulu, spreydən istifadə müvəqqəti xarakter daşıyacaq”.
A. Salayev onu da qeyd edib ki, tütün məhsullarından istifadə də ağızdan pis qoxu gəlməsinə səbəb ola bilir.