Cüdoçularımız ilk medallarını qazandılar
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (81 kq çəki dərəcəsində) və Məmmədəli Mehdiyev (90 kq-dək) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.
Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərov qazandırıb.
Digər təmsilçimiz Elmar Qasımov (100 kq-dək) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.
Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.